İQTİSADİYYAT
2022-ci ildə Həştərxan və Azərbaycan limanları arasında yük dövriyyəsi 42 faiz artıb
Bakı, 22 fevral, AZƏRTAC
2022-ci ildə Həştərxan və Azərbaycan limanları arasında yük dövriyyəsinin həcmi 27 min tondan artıq olub. Bu, 2021-ci ilin müvafiq göstəricisindən 42 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə “İnterfaks” agentliyinə Həştərxan vilayətinin xarici əlaqələr naziri Vladimir Qolovkov bildirib.
Nazir deyib: “Bizim regionun şirkətləri 2022-ci ildə Rusiyadan Azərbaycana dəniz yolu ilə metal, avadanlıq və başqa malların ixracını artırmağa nail olublar. Ötən il Həştərxan və Azərbaycan limanları arasında yük dövriyyəsi əvvəlki ildəkinə nisbətən 42 faiz artıb və 27 min tondan çox olub. Bundan əlavə, Azərbaycandan bizim regiona dəmir yolu vasitəsilə kənd təsərrüfatı məhsulları çatdırılıb”.
V.Qolovkov qeyd edib ki, Bakıdakı Həştərxan İşgüzar Mərkəzi ikitərəfli münasibətlərin inkişafına fəal qoşulub. O deyib: “Nəzərdə tutulduğu kimi, bu Mərkəz iki ölkənin hakimiyyət orqanlarının və biznes dairələrinin iştirakı ilə tədbirlər keçirilməsi üçün münasib məkana çevrilib. İl ərzində Azərbaycan tərəfi ilə gəmiqayırma mövzusunda bir sıra danışıqlar aparılıb. Sənaye kooperasiyası məsələsi müzakirə edilib. Həştərxan vilayətində gəmilərin gövdələrinin düzəldilməsindən və sonra həmin gövdələrin Bakı tərsanəsində tamamlanmasından söhbət gedir”.
Nazir xatırladıb ki, dekabr ayında həştərxanlı kənd təsərrüfatı istehsalçıları Bakıya səfər edib, orada bir sıra aqroholdinqlərə və fermer təsərrüfatlarına baş çəkiblər. Ət emalı, heyvandarlıq, istixana təsərrüfatı və müxtəlif malların tədarükünün təşkili sahəsində əməkdaşlıq məsələlərinə dair konfrans keçirilib, müvafiq danışıqlar aparılıb.