CƏMİYYƏT


2050-ci ilə qədər dünya əhalisinin 66 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 11-i Ümumdünya Əhali Günüdür. Bu əlamətdar tarixi 1989-cu ildə BMT-nin əhali problemlərinin həllinə yardım göstərən ən iri beynəlxalq təşkilatı olan Əhali Fondu təsis edib. Bu gün ilk dəfə 1990-cı ildə 90-dan artıq ölkədə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, bu günün təsis edilməsində məqsəd ailə planlamasının əhəmiyyəti, gender bərabərliyi, yoxsulluq, qadın sağlamlığı və insan hüquqları kimi dünya əhalisi ilə bağlı müxtəlif məsələlər barədə məlumatlılığı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır.

Dünya əhalisinin 1 milyarda qədər artması yüz minlərlə il çəkdi və say təxminən 200 il ərzində yeddi dəfə artdı. 2011-ci ildə qlobal əhali sayı 7 milyardlıq səviyyəyə çatdı və bu gün təxminən 7,7 milyard nəfərə bərabərdir. 2030-cu ildə dünya əhalisinin sayının 8,5, 2050-ci ildə 9,7 milyarda, 2100-cü ildə 10,9 milyarda çatması gözlənilir.

Yaxın keçmişdə doğum səviyyəsində və yaşam gözləntilərində çox böyük dəyişikliklər oldu. 1970-ci illərin əvvəllərində qadınların hər birinin ortalama 4.5 uşağı vardı. 2015-ci ilədək dünya üçün hər qadına düşən ümumi doğum 2,5 uşaqdan az oldu. Bu arada, orta ömür 1990-cı illərin əvvəllərindəki 64,6 yaşdan 2019-cu ildə 72,6 yaşa qədər artdı.

Bundan əlavə, dünyada şəhərləşmə və miqrasiya sürətlənir. 2007-ci ildə ilk dəfə olaraq şəhərlərdə yaşayanların sayı kəndlərdə yaşayanları üstələdi. 2050-ci ilə qədər dünya əhalisinin 66 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır.

Əhalisinin sayına görə ilk onluqda Çin, Hindistan, ABŞ, İndoneziya, Pakistan, Braziliya, Nigeriya, Banqladeş, Rusiya, Meksika qərarlaşıb. Azərbaycan isə əhalisinin sayına görə 90-cı yerdədir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən ilin əvvəlindən ölkə əhalisinin sayı 13 min 945 nəfər və ya 0,14 faiz artaraq 2021-ci il may ayının 1-i vəziyyətinə 10 milyon 133 min 78 nəfərə çatıb. Əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.