20 YANVAR FACİƏSİ XALQIMIZIN QƏHRƏMANLIQ SALNAMƏSİ, FƏXARƏT VƏ ŞƏRƏF GÜNÜDÜR
Şəki, 20 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsi, fəxarət və şərəf günüdür.
Bu fikir faciənin iyirminci ildönümü münasibətilə yanvarın 20-də Şəki şəhərində keçirilən ümumrayon tədbirindəki məruzə və çıxışlarda xüsusi vurğulanmışdır.
Şəhər rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı uğrunda şəhid olmuş igid həmyerlilərin ölməz xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə əklil qoymuş, qırmızı qərənfillər düzmüşlər.
Şəhər icra hakimiyyətinin akt zalında keçirilən tədbiri giriş sözü ilə şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova açaraq Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar gününün xalqımızın azadlıq mübarizəsi və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri kimi böyük əhəmiyyət daşıdığını bildirmişdir. Qeyd etmişdur ki, həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. 20 Yanvar hadisəsi öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirmişdir.
Mərasimdə şəhər icra hakimiyyəti aparatının şöbə müdiri Rəfail Mənəfovun “20 Yanvar-qan yaddaşımızdır” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə qeyd olunmuşdur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz edən, azadlıq, müstəqillik ideyaları uğrunda şərəfli mücadilə aparan Azərbaycan xalqının inam və iradəsini qırmaq məqsədi ilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən qanlı cinayət baş vermiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür.
Faciənin günahkarlarının üzə çıxarılmasında, bu qanlı hadisələrə siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayan məruzəçi, hazırda şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən ardıcıl tədbirlərin həyata keçirildiyini, müvafiq fərman və sərəncamların imzalandığını nəzərə çarpdırmışdır.
Tədbirdə rayonun hərbi komissarı Əbdülxaliq Xəlilov, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Məmmədnuru Əzizov, şəhid anası Şöhrət Əsgərova və başqaları çıxış edərək, müdhiş 20 Yanvar gecəsinin xalqımızın qan yaddaşına əbədi həkk olunduğunu bildirmişlər.
Həmin gün şəhərdəki Cümə məscidində şəhidlərin ruhuna dualar oxunmuş, saat 12.00-da rayonun bütün yaşayış məntəqələrində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Hüzn günü ilə əlaqədar şəhid ailələrinə maddi yardım göstərilmişdir.