20 Yanvar faciəsinin ildönümü Gəncədə izdihamlı mərasimlə qeyd edilmişdir
Gəncə, 21 yanvar (AZƏRTAC). Azadlıq və mübarizə tariximizin şərəfli səhifələrindən biri olan 20 Yanvar faciəsinin 24-cü ildönümü Gəncədə izdihamlı mərasimlə qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, Şəhidlər xiyabanında keçirilən anım mərasimində çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev 24 il əvvəl baş vermiş qanlı hadisələri xalqımızın milli mənliyinə, azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirmişdir. Qeyd olunmuşdur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin törətdiyi bu hərbi cinayət Azərbaycan xalqının azadlıq arzularını boğa bilməmiş, əksinə, onu daha sıx birləşdirmiş və mübarizliyini artırmışdır. Həmin günlərdə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirmişdir. Məhz bu iradə sayəsində xalqımız müqəddəs arzusuna çatmış, Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil olmuşdur.
Şəhid anaları adından çıxış edən Zemfira Əliyeva şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etmişdir.
Mərasim iştirakçıları daha sonra şəhid məzarlarını ziyarət edərək üzərinə tər qərənfillər düzmüşlər.