20 Yanvar hadisələri Azərbaycanın müstəqillik tarixində mühüm rol oynayıb
Bakı, 16 yanvar, AZƏRTAC
Yanvarın 16-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşəbbüsü, Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun birgə təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Gününün 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək 20 Yanvar gününün müstəqillik tariximizdə oynadığı mühüm roldan bəhs edib, ölkəmizin müstəqillik yolunda uğurla addımladığını bildirib.
AQUPDK sədrinin müavini Aynur Sofiyeva çıxışında 30 il əvvəl baş verən hadisələri yad edib, faciə ilə bağlı məlumatların gələcək nəsillərə ötürülməsi üçün belə görüşlərin vacibliyini vurğulayıb. A.Sofiyeva çətin bir tarixi dönəmdən keçən və bu gün inamla inkişaf edən ölkəmizdə aparılan uğurlu islahatların inkişafa göstərdiyi təsirdən danışıb.
Sonra Elm Tarixi İnstitutunun Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov 20 Yanvar hadisələrinə aid məruzə ilə çıxış edib.
Daha sonra söz uşaqlara verilib. Onlar öz çıxışları ilə dinləyiciləri təəccübləndiriblər.