QAN YADDAŞI
20 YANVAR QURBANLARININ XATİRƏSİ YADDAŞLARIMIZDAN HEÇ VAXT SİLİNMƏYƏCƏKDİR
Bakı, 18 yanvar (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinin anma mərasimi keçirilmişdir.
Mərasimdə çıxış edən institutun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş faciəli hadisələrin xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifəsi olduğunu xatırlatmışdır.
G.Baxşəliyeva demişdir ki, həmin gecə Azərbaycan xalqı öz müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxmışdı. Böyük imperiyanın hərbi maşını Azərbaycana təcavüz etmişdi. Ağır hərbi texnikanın və təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxmaq fədailik idi. Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə növbəti səhifə yazdılar.
G.Baxşəliyeva həmin günlərdə, Azərbaycanın hərtərəfli blokadaya alındığı bir vaxtda ümummilli lider Heydər Əliyevin Moskvada başda Mixail Qorbaçov olmaqla, sovet rəhbərliyini kəskin ittiham edən bəyanat verməsini və xalqımızın səsini bütün dünyaya çatdırmasını xüsusi qeyd etmişdir. O, ulu öndərin hakimiyyətdə olduğu dövrdə şəhidlərin xatirəsinin anılması ilə bağlı verdiyi fərman və sərəncamları da diqqətə çatdırmışdır.
Anma mərasimində çıxış edən institutun ərəb filologiyası şöbəsinin müdiri, filologiya elmləri doktoru Vilayət Cəfərov həmin günlər paytaxtımızda baş verən qanlı hadisələrin canlı şahidi olduğunu qeyd edərək, sovet ordusunun onun gözü önündə törətdiyi cinayətlərdən danışmışdır. V.Cəfərov həmin hadisələrdə Şərqşünaslıq İnstitutunun əməkdaşı Mənsur Əliyevin də yaralandığını yada salmışdır.
İnstitutun din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə elmləri namizədi Esmeralda Həsənova və başqaları şəhidlərimizin gənclərimiz üçün bir qəhrəmanlıq örnəyi olduğunu və 20 Yanvar faciəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini söyləmişlər.