20 Yanvar türk tarixinin qəhrəmanlıq səhifəsi kimi anılmışdır
Bakı, 17 yanvar (AZƏRTAC). Azərbaycanda Atatürk Mərkəzində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin təşkilatçılığı ilə (TUMİB) Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar-türk tarixinin qəhrəmanlıq səhifəsi” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
TUMİB-dən AZƏRTAC-a bildirmişlər ki, “dəyirmi masa”da şəhidlərimizin xatirəsi yad edildikdən sonra birliyin sədri Çingiz Bayramov 20 Yanvarın türk tarixində qəhrəmanlıq səhifəsi kimi anılmasının təsadüf olmadığını, bu günün yeniyetmə və gənclərimizə əsl vətənpərvərlik örnəyi olduğunu vurğulamışdır.
TUMİB sədri qeyd etmişdir ki, 20 Yanvarda şəhid olmuş bacı və qardaşlarımız müstəqilliyimizin ilk şəhidləridir və onları bu gün dünyada yaşayan 60 milyona yaxın azərbaycanlı yox, eyni zamanda, dünyada yaşayan 300 milyonluq türk milləti yad edir.
Tədbirdə Jurnalist Araşdırmalar İctimai Birliyinin sədri Seymur Verdizadə, Milli Düşüncə Mərkəzinin sədri Əkbər Nəcəf, “Xalq qəzeti”nin əməkdaşı Rauf Kəngərli, TUMİB-in üzvləri və başqaları diqqətə çatdırmışlar ki, 1990-cı ilin yanvar qırğınından artıq 24 il keçir və o dövrdə xalq böyük bir həqiqəti - həqiqi liderin meydanda olmasını bütün mahiyyəti ilə dərk etmişdi. 20 Yanvar günü xalqın səsinə hər kəsdən əvvəl səs verən Ulu öndər Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını təhlükə altında qoyaraq 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəlmiş və öz kəskin etirazını bildirmişdir.