REGİONLAR
Adını Ulu Öndərin qoyduğu məşhur folklor qrupu FOTO VİDEO
Lənkəran, 1 yanvar, İlkin Adıyev, AZƏRTAC
Lənkəranın Separadi kəndindən olan folklor və rəqs ansamblı “Nənələr”i ölkəmizdə tanımayan yoxdur. Bu qrup “Lənkəran Nənələri” adı ilə də məşhurdur. Qrup üzvləri Talış və Azərbaycan xalq mahnılarının, bayatıların mahir ifaçılarıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əsası 1970-ci ildə qoyulsa da, 1997-ci ilə kimi “Bacılar” adı ilə fəaliyyət göstərən qrupun ifasında Azərbaycan və Talış dillərində olan 150-yə qədər bayatı və mahnı var. “Ay lolo”, “Gəl, gözəlim, naz eləmə”, “Mirvari gəlin”, “Almanı alma, gəlin”, “Yar bağa gəldi”, “Bulaq başında”, “Kinəlim-kinəlim”, “Maralı göndər bizə”, “Can gülüm”, “Bülbüllər oxuyur” bunlardan bəziləridir.
İlk yarandığı vaxt qrupun 4 üzvü olub və "Bacılar" adı ilə fəaliyyət göstərib. Çünki qrupun üzvləri əsl həyatda da bir-birinə doğma bacı olublar.
Maraqlı və gözəl ifa tərzi olan qrup ilk vaxtlar xınayaxdı, paltarkəsdi kimi gəlin məclislərinə dəvət alıb. Beləcə əvvəlcə rayonda, sonra isə Azərbaycanda məşhurlaşmağa başlayıb.
“Nənələr” adını qrupa 1997-ci ildə Lənkəranda səfərdə olan Ümummilli Lider Heydər Əliyev təklif edib. İfaçılar da bu təklifi bəyəniblər. 1997-ci ildən “Bacılar” adı “Nənələr”lə əvəzlənib.
Qrupun ən yaşlı üzvü - 87 yaşlı Xanımbacı Quliyeva deyir: “Biz evdə dörd bacı olmuşuq. Atam da gözəl ifaçı idi. O, bizə həm Azərbaycan, həm də Talış mahnılarını öyrədib. Hətta anam bizim üçün qoyun dərisindən qaval da düzəltmişdi. İndiyə kimi yadımdadır, 1997-ci il idi Ümummilli Lider Heydər Əliyev Lənkərana səfər etmişdi. Onun qarşısında çıxış etdikdən sonra, bizdən qrupumuzun adını soruşdu. “Bacılar” - deyə cavab verdik. Heydər Əliyev isə gülərək dedi ki, “qrupunuzun adı niyə “Nənələr” olmasın? “Nənələr” adı sizə daha çox yaraşır”. O gündən sonra “Nənələr” adı ilə daha da məşhurlaşdıq”.
“Nənələr” qrupu Azərbaycanda daha çox “Ay lolo” mahnısı ilə tanınır. Buna baxmayaraq, qrupun ifasında yüzdən çox mahnı var. Qrup indi də Azərbaycanın bir çox bölgələrinə toy məclislərində iştirak etmək üçün dəvətlər alır.
Ansamblın bədii rəhbəri Fərhad Məmmədov bildirib ki, hazırda altı nəfərdən - Xanımbacı Quliyeva, Rübabə Kərimova, Bacıgül Rzayeva, Gülbəzək Kərimova, Şərəf Məmmədovadan ibarət olan qrupun altıncı üzvü Qızbəs Əhədovadır. Ən yaşlı üzvün 87, ən cavan üzvün isə 55 yaşı var. “Ölkədə keçirilən, demək olar bütün festivallarda iştirak etmişik. Uğurlu çıxışlar etdiyimizə görə diplomlar da almışıq. Bizim oxuduğumuz “Ay lolo” mahnısı isə 2012-ci ildə “Grand” mükafatına layiq görülüb. Respublika səviyyəsində olan bütün tədbirlərdə bu gün də sevə-sevə iştirak edirik", - deyə o əlavə edib.