REGİONLAR
Lazımsız əşyalara, tullantılara yeni həyat verən sənətkar - FOTO VİDEO
Lerik, 13 yanvar, İlkin Adıyev, AZƏRTAC
Milli ornamentlərlə bəzədilmiş məişət əşyaları, ilmələrin sehri ilə gözəllik saçan kompozisiyalar…
Qərbə görünsə də, bütün bunlar muncuq və çəyirdəkli meyvə dənələrindən hazırlanan əl işləridir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lerikdən olan Afət Novruzova ixtisasca ibtidai sinif müəllimi olmasına baxmayaraq, təsviri incəsənətin tətbiqi sənət növünə daha çox maraq göstərir. Bu maraq onu bitki toxumlarından və muncuqlardan gözəl əsərlər yaratmağa gətirib çıxarıb. O, iyirmi ildən çoxdur ki, dekorativ-tətbiqi sənətlə məşğuldur: “Uşaq yaşlarımdan rəsm çəkməyə böyük həvəsim olub. Yaşım az olsa da, gözəl rəsmlər çəkirdim. Əsasən rəngli boyalardan daha çox istifadə edirdim. Daha sonra məndə dekorativ-tətbiqi sənətə maraq oyandı və başladım özümü bu sahədə sınamağa. Hazırda uzun müddətdir – təxminən iyirmi ildir bu sahə ilə məşğulam. Əl işlərimin hazırlanmasına gəlincə, bir suveniri düzəldərkən əvvəlcə onun formasını xəyalımda canlandırıram, daha sonra eskizini çəkirəm. Elə əl işlərim var ki, bir ilə ərsəyə gəlib. Bu iş əsasən səbir və incəlik tələb edir.”
Afət xanım əl işlərini hazırlayarkən xam mal kimi əsasən muncuq və meyvə toxumlarından istifadə edir. O, daha çox illüstrasiya və portret janrında əsərlər yaradır. İşlənmiş hər hansı məişət əşyasının atılmasını isə heç cür qəbul edə bilmir.
“Bəzən evdə lazımsız hesab olunan əşyalar, tullantılar və ya meyvə çəyirdəkləri kiçik bir toxunuşla özünə yeni həyat qazanır. Tullantıya yeni nəfəs vermək ruhu dincəldir, adamı həyata bağlayır, gözəllikləri bir daha hiss edirsən”, - deyə o vurğulayır.
Müsahibimiz bu sənətin sirlərini şagirdlərinə də öyrədir. Məqsəd sənətkarlıq nümunələrinin gələcək nəsillərə ötürülməsi və bu əsərlərin yaşamasıdır.