CƏMİYYƏT
FHN-in zəlzələ bölgəsindəki qərargahında AFAD nümayəndələri ilə toplantı keçirilib VİDEO
Bakı, 12 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Kahramanmaraş rayonu ərazisində təşkil edilmiş FHN-in xilasetmə qüvvələrinin qərargahında Türkiyə Respublikasının Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) nümayəndələri ilə birgə toplantı olub.
Toplantıda hazırkı əməliyyat şəraiti və atılacaq növbəti addımlar müzakirə edilib. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün FHN tərəfindən qardaş ölkəyə göndərilmiş çadırların qurulması ilə bağlı məsələlər nəzərdən keçirilib.