CƏMİYYƏT
Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib






Bakı, 31 may, AZƏRTAC
Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə Gənc Tamaşaçılar Teatrında akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev açılış nitqi ilə çıxış edərək, görkəmli alimin əzmkar və fədakar fəaliyyətini vurğulayıb: “Zərifə xanım insanları traxoma adlı dəhşətli xəstəlikdən xilas etmək üçün ölkəmizdə göz xəstəliklərinin geniş yayıldığı rayonlara gedib, əhali arasında tibbi maarifləndirmə aparıb, bölgələrdə oftalmoloqlarla görüşüb, uğurlu müalicə metodları, profilaktika tədbirləri barədə çıxışlar edib və onun bu əzmkar mübarizəsi uğurla nəticələnib”.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Hüseynova Azərbaycanın görkəmli alimi Zərifə Əliyevanın elmdə yeni istiqamətlərdə apardığı tədqiqatlarından söhbət açıb, oftalmologiya elmi sahəsində qiymətli araşdırmalar apardığını diqqətə çatdırıb.
Çıxışlarda vurğulanıb ki, Zərifə xanım Əliyevanı xalqımız sadə və mehriban, savadlı göz həkimi kimi sevirdi. Təsadüfi deyil ki, ötən əsrdə nümayiş olunan “Göz həkimi” televiziya tamaşası, gözlərə işıq, insanlara həyat bəxş edən oftalmoloqların əzmkar fəaliyyəti izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanırdı.
Daha sonra Səhiyyə Nazirliyinin, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşəbbüsü ilə İslam Səfərlinin eyniadlı pyesi əsasında hazırlanan "Göz həkimi" tamaşası Zərifə xanımın xatirəsinə böyük ehtiramla yenidən təqdim edilib.
Akademik, oftalmoloq Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibətilə hazırlanan və yeni quruluşda ilk dəfə nümayiş olunan tamaşanın rejissoru Gülnar Hacıyeva, əsas rolların ifaçıları Gənc Tamaşaçılar Teatrının aktyorları – Əməkdar artistlər Elnur Bəhramxan, Şəfəq Əliyeva, İlham Əsədov, Kərəm Hadızadə, Səbinə Məmmədzadə, Zülfiyyə Alhüseynova, Elşən Şıxəliyev, Mehriban Hüseynova, Ramil Məmmədov, Zümrüd Quliyeva, Ədalət Əbdülsəməddir.
Azərbaycan səhiyyə işçilərinin fədakarlığından bəhs edən tamaşa alqışlarla qarşılanıb, iradəli, əzmkar, çətin əməliyyatların öhdəsindən uğurla gələn, xalqımızın sadə və mehriban göz həkimi Zərifə xanım Əliyevanın nurlu siması bir daha göz önündə canlanıb.