Polşalı professor Şərqşünaslıq İnstitutunda azərbaycanlı alimlərlə görüşüb
Bakı, 3 iyul, AZƏRTAC
İyulun 3-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Polşanın Krakov Yagellon Universitetinin professoru Eva Şemenets Qolaş şərqşünas alimlərlə görüşüb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Görüşdə AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva professor Eva Şemenets Qolaşın Azərbaycan-Polşa elmi əlaqələrinin inkişafına verdiyi töhfələrdən danışıb. O, professorun Azərbaycanın görkəmli hərbi, siyasi və dövlət xadimi, Polşa şərqşünaslıq elminin tanınmış nümayəndələrindən olan Sadıq bəy Ağabəyzadənin həyatı və elmi irsi ilə bağlı araşdırmalar apardığını diqqətə çatdırıb.
Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Solmaz Rüstəmova-Tohidi polşalı alimin elmi fəaliyyəti və tədqiqatları barədə ətraflı məlumat verib.
Professor Eva Şemenets Qolaş çıxışında Sadıq bəy Ağabəyzadənin elmi irsindən, xüsusilə Şərq dillərinə həsr olunmuş dərsliklərindən bəhs edib, bu istiqamətdə apardığı araşdırmaların nəticələrini iştirakçılarla bölüşüb. O, həmçinin yaşadığı şəhərə həsr olunmuş “Krakov” kitabını akademik Gövhər Baxşəliyevaya hədiyyə edib.
Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini Ruhəngiz Cümşüdlü polşalı alimə Azərbaycan xalqının mədəni-mənəvi irsinin öyrənilməsi və Azərbaycan-Polşa elmi əlaqələrinin inkişafına verdiyi töhfələrə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, görüşdə Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsinin Azərbaycan Araşdırmaları Mərkəzinin müdiri Şəhla Kazımova da iştirak edib.
Sonda professor Eva Şemenets Qolaş şərqşünas alimlərin suallarını cavablandırıb.