Politoloq: Azərbaycan təkcə enerji təminatçısı deyil, həm də Avropa üçün strateji sabitlik dayağıdır
Bakı, 3 iyul, AZƏRTAC
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətlərində yeni strateji mərhələ üçün yol açdı. Enerji, konnektivlik və sülh gündəliyi ön plana çıxdı. Bu səfər həm Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın martdakı səfərinin davamı, həm də Aİ-nin Cənubi Qafqazda mövqeyini gücləndirməyə cəhd etməsi kimi qiymətləndirmək olar.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aydın Tağıyev deyib.
O bildirib ki, bu səfərin bir sıra strateji mesajları oldu. Ona misal olaraq Ursula Fon der Lyayen Bakıda Azərbaycanı açıq şəkildə “strateji tərəfdaş” adlandırması buna əyani subutdur. Bu, Aİ-nin enerji və regional sabitlik baxımından Bakıya verdiyi dəyərin təsdiqi oldu. Ursula Fon der Lyayen Azərbaycanın regionda sülh gündəliyinin memarı olduğunu vurğuladı və Prezident İlham Əliyevin liderliyini xüsusi qeyd etdi. Digər tərəfdən, diqqət etsək görərik ki, Antonio Koştanın mart səfərindən sonra, Ursula Fon der Lyayenin bu səfəri Aİ ilə münasibətlərin enerji və infrastrukturdan kənara çıxaraq təhlükəsizlik və rəqəmsal sahələrə də genişlənməsi təşəbüsləri ölkəmizlə əməkdaşlığın onlar üçün əhəmiyyətini bariz nümunədir. Son 4 ildə Rusiya qazından asılılıq böhranı zamanı Aİ Azərbaycana müraciət etmişdi. O vaxtdan bəri Bakı Aİ-yə qaz ixracını 65 faiz artırıb. Sevindirci tərəfi də odur ki, Cənubi Qafqazla Aİ-nin ticarət dövriyyəsinin 70 faizi məhz Azərbaycanın payına düşür.
“Prezident İlham Əliyevin xarici siyasət kursu balanslı və çoxvektorlu yanaşma üzərində qurulub. Bu siyasət nəticəsində Azərbaycan ABŞ ilə strateji tərəfdaşlıq, Çin ilə hərtərəfli əməkdaşlıq və Avropa İttifaqı ilə strateji əlaqələr quraraq beynəlxalq arenada öz mövqeyini gücləndirib. Ölkə rəhbərliyinin bu uğurlu siyasəti nəticəsində Azərbaycanın regional sabitlik və enerji təhlükəsizliyi baxımından etibarlı tərəfdaş kimi qəbul olunmasına şərait yaradıb. Həmçinin bu siyasət Azərbaycanın beynəlxalq aləmdə kritik coğrafiyada sabitlik yaradan və güclü dövlət kimi tanınmasını daha da möhkəmləndirir. Bu səfər göstərdi ki, Azərbaycan artıq təkcə enerji təminatçısı deyil, həm də Avropa üçün strateji sabitlik dayağıdır. Prezident İlham Əliyevin çoxvektorlu xarici siyasəti sayəsində rəsmi Bakı ABŞ, Çin və Aİ ilə paralel tərəfdaşlıqlar quraraq çoxqütblü dünyada balanslı mövqeyini təsdiqlədi. Bu, Azərbaycanın beynəlxalq sistemdə özünəinamlı, müstəqil və etibarlı aktor kimi qəbul edilməsini möhkəmləndirən tutarlı siyasi-diplomatik nəticədir”, - deyə politoloq əlavə edib.