“Azərbaycanın faydalı bitki ehtiyatları: tədqiqi və tətbiqi” kitabının I cildi nəşr olunub
Bakı, 3 iyul, AZƏRTAC
“Azərbaycanın faydalı bitki ehtiyatları: tədqiqi və tətbiqi” kitabının I cildi nəşr olunub.
Botanika İnstitutundan AZƏRTAC-a bildirilib ki, nəşr Azərbaycanın faydalı bitkilərinin elmi adlandırılması və tarix boyu tətbiq sahələrinin elmi təhlilinə həsr edilmiş fundamental tədqiqat əsəridir.
Kitabda müxtəlif bitki növlərinin ilk dəfə necə və kim tərəfindən adlandırılması, həmin dövrdə tətbiq olunan sistematik prinsiplər, bu adların müasir botanika üçün əhəmiyyəti geniş şəkildə şərh edilir. Bununla yanaşı, bitkilərin etnobotaniki, farmakoloji və ekoloji istifadəsi tarixi mənbələr əsasında araşdırılır, qədim dövrlərdən bu günədək tətbiq sahələrində baş vermiş elmi yeniliklər təqdim olunur. Kitabda qeyd olunan bitkilərin əksəriyyətinin fitokimyəvi tərkibi müəlliflər tərəfindən işlənilib.
Kitabda, həmçinin bitki növlərinin adlandırılmasında latın terminologiyasının rolu, növ təsvirlərinin hazırlanması qaydaları və bu prosesin müasir taksonomiyaya təsiri izah edilir. Müəlliflər bu məsələlərin botanika elminin inkişafındakı əhəmiyyətini elmi əsaslarla diqqətə çatdırırlar.
Nəşr botanika, ekologiya, fitokimya, kənd təsərrüfatı və elm sahələri üçün faydalı mənbə kimi qiymətləndirilir. Kitab tədqiqatçılar, ekspertlər, tələbələr, eləcə də bitkilərin tarixi və istifadəsi ilə maraqlanan oxucular üçün etibarlı mənbə hesab olunur.
Kitabın elmi redaktoru professor Səyyarə İbadullayeva, rəyçiləri isə akademik Tariyel Talıbov və professor Aydın Əsgərovdur. Müəllifləri professor Səyyarə İbadullayeva, dosent Ramiz Ələkbərov, dosent Gülnarə Şirəliyeva, biologiya üzrə fəlsəfə doktoru Samirə Xudaverdiyeva, doktorant Venera Əhmədova və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin böyük eksperti Pərvanə Rüstəmovadır.