Lənkəranda çayın daşması nəticəsində Vilvan kəndində torpaq sürüşməsi baş verib VİDEO
Lənkəran, 24 oktyabr, İlkin Adıyev, AZƏRTAC
Lənkəranda yağan intensiv yağışlar Veravulçayın daşmasına səbəb olub və 10-a yaxın ev üçün təhlükəli vəziyyət yaranıb. Vaxtilə 60-65 metr aralıda olan torpaq qatı indi evlərin 10 metrliyinə kimi yaxınlaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, torpaq uçqunu sakinlərin təsərrüfatlarına da xeyli ziyan vurub. Meyvə və sitrus ağaclarına, eləcə də istixanalara ziyan dəyib.
Ərazidə yaranan vəziyyətlə bağlı Lənkəran rayon Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsinin mütəxəssisi Aqil Əliyev bildirib ki, idarə tərəfindən ağır texnikalar ayrılıb. Hava şəraiti imkan verən kimi, çayda məcradəyişmə işləri aparılacaq. “Sahilbərkitmə işləri aparmaq üçün də vətəndaşlar tərəfindən müraciətlər daxil olub. Hazırda podratçı təşkilat bununla əlaqədar aşağı hissədə iş görür. Həmin yer də plana düşüb. Vəsait ayrılan kimi o iş də görüləcək” - deyə o qeyd edib.
Qeyd edək ki, hazırda çayda 2 kilometr məsafədə sahilbərkitmə işləri görülür və tamamlanmaq üzrədir.