REGİONLAR
Göygöl Milli Parkında canlıların foto və videotələlərlə izlənməsi prosesi - REPORTAJ VİDEO
Göygöl, 26 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Füsunkar təbiəti və ecazkar mənzərələri ilə hər zaman diqqət mərkəzində olan Göygöl Milli Parkı zəngin flora və faunası ilə də məşhurdur. Milli park ərazisinin 2000 metrə qədər hündürlüyü, müxtəlif bitki formasiyalarının bir-birini əvəz etməsi və ərazinin ümumi coğrafi mövqeyi burada heyvanlar aləminin də xeyli zənginliyinə şərait yaradıb. Burada sakinlərin yəni heyvanların mühafizəsi və izlənməsi prosesi də yüksək səviyyədə təşkil olunur.
AZƏRTAC-ın bölgə müxbiri Göygöl Milli Parkının əməkdaşları ilə birlikdə ərazidəki meşələrdə heyvanların foto və videotələlər vasitəsilə izlənməsi prosesini müşahidə edib.
Göygöl Milli Parkında videotələlərin quraşdırılması prosesinə 2018-ci ildən start verilib. Tələlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə layihəsi çərçivəsində quraşdırılıb. İndiyədək park ərazisində 20-dən çox videotələ quraşdırılıb ki, proses hələ də davam etməkdədir.
“Heyvanlar meşənin daha dərin ərazilərində olduğu üçün biz videotələlərin çoxunu ucqar ərazilərdə qurmuşuq. Hərəkətə və səsə həssas olan bu tələlər qarşısında hərəkət olduqda dərhal onu qeydə alır. Bəzən biz 6 ay tələyə toxunmuruq. Diqqət etməli ən əsas məqamlardan biri də odur ki, videotələ yerləşdirən şəxs meşəni çox yaxşı tanımalı, müşahidə etməyi bacarmalıdır,”- deyə Göygöl Milli Parkının direktoru Fuad Quliyev deyib.
Videotələlər vasitəsilə milli park ərazisində vaşaqların da yaşadığı qeydə alınıb. Həmçinin videotələlər Qafqaz maralı, Avropa cüyürü, qonur ayı, dağ keçisi, porsuq, meşə pişiyi, daşlıq dələsi, gəlincik, kirpi, tülkü və köstəbək və s. kimi heyvanların hansı ərazilərdə və nə qədər olması kimi məlumatları da dəqiqləşdirməyə imkan verir.
Parkın direktoru hər bir videotələnin nömrəsi olduğunu, onu yerləşdirən zaman həmin yerin koordinatlarının götürüldüyünü deyib: “Tələlər vəhşi heyvanların olmasını nəzərə alaraq hündür yerlərdə quraşdırılır. Lakin nə qədər hündürdə də olsa bəzən yırtıcılar yad cismi hiss edir və ona zərər yetirməyə çalışırlar”.
Qeyd edək ki, Göygöl Milli Parkında saqqallı kərkəs quşunun, vaşaq və çöl donuzu kimi canlıların mövcudluğu videotələlər vasitəsilə aşkar olunub.