Azərbaycanın həlak olmuş polis əməkdaşlarının uşaqlarının Belarusa səfəri təşkil olunub VİDEO
Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycan polisinin xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş əməkdaşlarının uşaqlarından ibarət qrup Belarusda səfərdədir. AZƏRTAC xəbər verir ki, Azərbaycan və Belarus Daxili İşlər nazirliklərinin təşkil etdikləri səfər çərçivəsində on iki azərbaycanlı azyaşlı Minskdə müxtəlif görüşlər keçiriblər.
Azərbaycanlı uşaqları Belarusun daxili işlər naziri İvan Kubrakov qəbul edib. Nazirliyin əməkdaşları onlar üçün maraqlı ekskursiya da təşkil ediblər. Uşaqlara Minsk şəhərinin tarixi və Belarusun görkəmli şəxsiyyətləri haqqında geniş məlumatlar verilib.
Nazirliyin iclas zalında keçirilən görüşdə belaruslu nazir İ.Kubrakov qeyd edib ki, Belarus milisinin əməkdaşları öz həmkarlarının uşaqları üçün əyləncəli və maraqlı proqram hazırlayıblar. O əlavə edib: “Bizim həmkarlarımız olan Azərbaycanın qəhrəman polislərinin uşaqlarının respublikamıza göndərilməsi qərarı məni səmimi-qəlbdən sevindirdi, siz bizim də uşaqlarımızsınız. Hər iki ölkənin nazirliklərində öz əməkdaşlarına və onların ailə üzvlərinə yüksək dəyər verilir, bilirik ki, qanun keşikçiləri öz yaxınları naminə və onların dəstəyi sayəsində ləyaqətlə xidmət edirlər”.
Belaruslu nazir uşaqlara təhsildə uğurlar, dost Azərbaycandakı həmkarlarına isə xidmətdən evlərinə sağ-salamat dönməyi arzulayıb. O əmin olduğunu bildirib ki, belə qarşılıqlı səfərlər ənənə halını alacaq.
Görüş konsert proqramı ilə davam edib. Azərbaycanlı uşaqlara xatirə hədiyyələri təqdim olunub.