CƏMİYYƏT
Oğuzdan Bakıya narkotik vasitə və odlu silah-sursat gətirmək istəyən şəxs saxlanılıb VİDEO
Bakı, 23 yanvar, AZƏRTAC
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı xaricdə yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında şöbə əməkdaşlarının keçirdikləri tədbir zamanı Mingəçevir şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Cavid Babayev saxlanılıb. Üzərindəki bağlamaya baxış keçirilərkən 1 kiloqram 525 qram qurudulmuş marixuana, 175 qram tiryək, metamfetamin, “AK-74” markalı avtomat, 28 ədəd patron və 2 daraq aşkarlanıb.
Araşdırma zamanı müəyyən edilib ki, C.Babayev tanışı, özünü Ramal kimi təqdim edən Səxavət Camalzadənin təklifi əsasında Oğuz rayonuna gəlib və 1000 manat qarşılığında ona deyilən ərazidən həmin bağlamanı Bakıya aparmaq üçün razılaşıb. Davam etdirilən tədbirlərlə S.Camalzadə də şübhəli şəxs qismində saxlanılıb O, ifadəsində sosial şəbəkədə tanış olduğu xarici ölkədə yaşayan narkotacir tərəfindən həmin narkotik vasitənin və odlu silahın Oğuzdan paytaxta çatdırılması təklifi aldığını, həmin təklifi də Mingəçevir şəhərində yaşayan C.Babayevə yönləndirdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslərin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.