28 May - Respublika Günü Paraqvayda qeyd edilib
Bakı, 31 may, AZƏRTAC
Paraqvayın paytaxtı Asunsion şəhərində 28 May - Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Paraqvay Xarici İşlər Nazirliyinin yüksəksəviyyəli rəsmiləri, Konqresin üzvləri, ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, eləcə də etnik və dini icmaların, analitik mərkəzlərin, KİV-lərin və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Paraqvay Ordu Komandanlığının Hərbi Orkestrinin ifasında Azərbaycanın və Paraqvayın dövlət himnləri səsləndirilib. Səfir Rəşad Aslanov çıxış edərək 28 may tarixinin Azərbaycan xalqı üçün önəmindən bəhs edib, 1918-ci ilin məhz bu tarixində müsəlman Şərqində ilk demokratik respublikanın qurulduğunu bildirib. O, Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən həyata keçirilmiş mütərəqqi və bəşəri xarakterli islahatlardan danışıb. Cümhuriyyətimizin 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsində müstəsna xidmətləri olduğunu qeyd edən R.Aslanov müasir müstəqil Azərbaycan Respublikasının qurucusu olan ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasi və iqtisadi strategiyası nəticəsində bu gün Azərbaycanın regionun lider dövlətinə çevrildiyini, irimiqyaslı enerji və infrastruktur layihələrinin təşəbbüskarı və iştirakçısı olduğunu vurğulayıb.
Səfir Cənubi Qafqaz regionunun hərtərəfli inkişafına başlıca əngəl olan Ermənistan-Azərbaycan münaqişəsindən də bəhs edib.
Avropa və Şərq sivilizasiyasının qovuşuğunda yerləşən Azərbaycanın tolerantlıq məkanı olduğunu bildirən diplomat ölkəmizdə əsrlərboyu müxtəlif etnik icmaların dinc yanaşı yaşadığını və çoxmədəniyyətlilik və tolerantlığın təşviqinin dövlət üçün prioritet olduğunu əlavə edib.
2019-cu ilin Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə yanaşı, Azərbaycan və Paraqvay arasında diplomatik münasibətlərin qurulmasının 15-ci ildönümü ilə əlamətdar olduğunu bildirən R.Aslanov, xüsusilə, son illər intensivləşən yüksəksəviyyəli qarşılıqlı səfər mübadiləsindən bəhs edib. Xalqlarımız arasında qarşılıqlı rəğbətin formalaşdığını bildirən səfir turist axınının artacağına ümidvar olduğunu vurğulayıb və bu xüsusda, Paraqvayın “ASAN Viza” sisteminə daxil edildiyini diqqətə çatdırılıb.
Tədbirdə paraqvaylı musiqiçilərin ifasında hər iki ölkənin musiqiləri səsləndirilib.