Bakıda növbəti əmək yarmarkası təşkil edilib VİDEO
Bakı, 15 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün Bakıda növbəti əmək yarmarkası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Bakı Regional Məşğulluq filialı tərəfindən keçirilən yarmarkada nazirlik yanında fəaliyyət göstərən İctimai şuranın üzvü Zülfiyyə Nuriyeva da iştirak edib.
Aktiv məşğulluq tədbirində 35 işəgötürən tərəfindən 300-dən çox boş iş yeri təqdim olunub. Ən çox işçi tələbi olan vakansiyalar isə satış, bank, mühasibatlıq və informasiya texnologiyaları sahələri üzrə olub. Vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilib, ilkin müsahibələr keçirilib və uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.
Qeyd edək ki, agentliyin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi də yarmarkada öz stendi ilə təmsil olunub. İşsiz və işaxtaran şəxslərə mərkəzin fəaliyyəti, həyata keçirilən peşə kursları və müraciət qaydaları barədə məlumat verilib.