Qürur, sevinc və birlik bayramı –Azərbaycan xalqı Zəfər Gününü qeyd edir VİDEO
Bakı, 8 noyabr, AZƏRTAC
Bu gün Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış Qələbənin 5-ci ildönümünü böyük qürur və sevinc hissi ilə qeyd edir. Paytaxtın mərkəzi küçələrində, eləcə də bölgələrdə minlərlə insan küçə və meydanlara toplaşaraq bu möhtəşəm günü böyük ruh yüksəkliyi ilə keçirir.
AZƏRTAC xəbər verir ki, Dənizkənarı Bulvar boyunca bayraqlar dalğalanır, küçələrdə, park və meydanlarda izdiham yaşanır, insanlar birlikdə Zəfər sevincini paylaşırlar.
Günün ovqatını AZƏRTAC-la bölüşən paytaxt sakinləri və şəhərimizin qonaqları açıqlamalarında bildirirlər ki, bu gün onlar üçün sadəcə bayram deyil, həm də qürur, minnətdarlıq və birliyimizin təntənəsidir.
Bulvarda uşaqlar da bayram sevincini bölüşürlər. Balaca vətənpərvərlər Zəfər Gününə həsr edilmiş şeirlər səsləndirir, üçrəngli Bayrağımızı dalğalandıraraq böyük fərəh hissi ilə “Qarabağ Azərbaycandır!” deyirlər. Onların səmimi çağırışları və təbəssümləri Zəfər Gününün rəmzinə, Qələbə sevincinin ən saf ifadəsinə çevrilir.
Bu gün ölkənin hər guşəsində eyni hiss yaşanır - Vətən sevgisi, birlik və Qələbə qüruru. 8 Noyabr — Azərbaycanın yenilməz ruhunun, əbədi Zəfərinin bayramıdır.