Beş min manata satılmayan dəmir maral, yararsız avtomobil şinləri və şirə qablarından hazırlanan qeyri-adi fiqurlar FOTO VİDEO
Siyəzən, 2 yanvar, Elxan Yusifli, AZƏRTAC
On üç ildən çoxdur tullantılardan əl işləri hazırlayan siyəzənli mühəndis Cavid Yəhyayevin əl işlərinin videogörüntülərini sosial şəbəkələrdə yüz minlərlə insan izləyir. Görənlər onun qeyri-adi istedadını alqışlayır, hazırladığı əl işlərini təəccüblə qarşılayırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən şəhər sakini əvvəlcə yararsız avtomobil şinləri və istifadə olunmuş şirə qablarından qeyri-adi fiqurlar və bəzək əşyaları hazırlayırdı. Hazırda isə yararsız metal əşyalardan, müxtəlif texnikaların ehtiyat hissələrindən istifadə etməklə maraqlı əl işləri düzəldir. Onun yararsız materiallardan hazırladığı maraqlı eksponatların sayı 150-yə çatıb.
“Asudə vaxtımı qeyri-adi fiqurlar hazırlamağa sərf edirəm. İlk illər yararsız təkərlərdən istifadə edirdim. Sonra nazik dəmirli şirə qabları ilə çalışdım. İndi isə əl işləri üçün daha çox dəmir tullantılardan istifadə edirəm. Metalları avtomobil təmiri sexlərindən toplayıram. Bundan başqa gündəlik məişətdə işlədilən, amma indi istifadəyə yararsız olan dəmir alətlərdən də yararlanıram. Daha çox heyvan, quş, böcək və sair fiqurlar düzəldirəm. Son əl işlərim arasında hörümçək, çəyirtkə, motosikletlər, quş və balıq fiqurları var. Hazırladığım əl işlərinin bəziləri abstrakt janrdadır”, - deyə siyəzənli mühəndis söyləyib.

İstedadlı mühəndisin üç ay ərzində ərsəyə gətirdiyi “dəmir maral” hamının marağına səbəb olub. Diqqətlə baxdıqda “dəmir maralın” kəlbətin, qayçı, şiş, çarpayının tutacaqları, velosiped zəncirləri, müxtəlif disklər, eləcə də avtomobil və başqa texnikaların yararsız ehtiyat hissələrindən ibarət olduğunu görmək olar. Qeyri-adi maralın ölçüləri bu canlının real ölçüləri ilə eynidir. Sərgilərin birində bu marala görə 5 min manat təklif olunsa da, Cavid Yəhyayev əl işini satmayıb.
“Dəmir maralı satmaq məqsədilə hazırlamamışam. Amma yaxşı təklif olarsa, bu barədə düşünərəm. Bakıda sərgidə 5 min manat təklif ediblər. Amma o vaxt öz əl işimi satmaq istəmədim. Düşünürəm ki, bu əl işinin dəyəri daha çoxdur. İstənilən istirahət mərkəzində gözəl dekor kimi istifadə oluna bilər. Bu maralın hazırlanması üçün üç aya yaxın vaxtım, gözümün nuru gedib. Metalları təmir sexlərindən toplamışam. Bəzi hissələri hətta pulla almışam. Dəmir parçaları qaynaq vasitəsilə yapışdırılıb, cilalanıb və sonda şəffaf boya vurulub. Qonşuluqda yaşayan ovçu var. Bu dəmir marala baxıb, həqiqi marala çox bənzədiyini söylədi”, - deyə Cavid Yəhyayev bildirib.
Siyəzənli mühəndisin belə əl işləri düzəltməkdə əsas məqsədi tullantıların sayını azaltmaq və onlardan istifadə etməyin mümkünlüyünü göstərməkdir.