İcraçı direktor: ISO 20121:2024 yerli mütəxəssislərin fəaliyyətini vahid yanaşmada formalaşdırmağa xidmət edəcək VİDEO
Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan tədbir təşkilatçılığı sahəsində ev sahibliyi olmaqla yanaşı, həm də təcrübə ixrac edən ölkələrdən birinə çevrilib. Bu kontekstdə bugünkü tədbirin əhəmiyyəti daha da artır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) üzrə Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov "AZS ISO 20121:2026 Tədbir davamlılığının idarəetmə sistemləri" üzrə dövlət standartının təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, ISO 20121:2024 standartı yalnız texniki sənəd deyil, ölkəmizdə tədbirlərin daha sistemli, daha dayanıqlı və beynəlxalq tələblərə uyğun şəkildə təşkil olunması istiqamətində atılmış növbəti addımdır.
“Əminliklə deyə bilərəm ki, sözügedən standartın tətbiqi gələcəkdə Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlərin təşkilinə öz töhfəsini verəcək və yerli mütəxəssislərin fəaliyyətini vahid yanaşmada formalaşdırmasına xidmət edəcək. Bu standart həm də bizim bu günə qədər qazandığımız təcrübənin sistemləşdirilməsi və gələcək nəsillərə ötürülməsi baxımından mühüm addımdır. İqtisadiyyatın bütün sahələrində olduğu kimi, tədbirlərin təşkili sahəsində də standartlaşmaya olan tələblər getdikcə artır. Belə standartın ölkəmizdə ilk dəfə adaptasiyası və tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Bu proses yerli mütəxəssislər üçün də yeni imkanlar yaradır”, - deyə icraçı direktor qeyd edib.
Fotoqraf - Azər İbrahimov
Video - Namiq Abdullayev