Astanada qurulan Novruz yurtasında Azərbaycan mədəniyyəti və adət-ənənələri təbliğ olunur VİDEO
Astana, 21 mart, AZƏRTAC
Astanadakı Atatürk parkında Novruz bayramı münasibətilə keçirilən genişmiqyaslı şənliklər çərçivəsində Azərbaycana həsr olunmuş yurta qurulub.
AZƏRTAC xəbər verir ki, bu, Qazaxıstan paytaxtının sakinləri arasında Azərbaycan mədəniyyətini və adət-ənənələrini təbliğ etmək məqsədilə edilib.
Yurtanın içərisində ənənəvi Azərbaycan xalçaları, milli musiqi və musiqi alətləri, paxlava və şəkərbura kimi bayram şirniyyatları, eləcə də xonça, səməni və milli geyimlər nümayiş olunur. Bayramda “Kadir” ansamblı ənənəvi Azərbaycan rəqslərini ifa edib.
“Xəzər” Etnomədəniyyət Birliyinin sədri Mahir Rzayev dünyanın hər yerində yaşayan azərbaycanlıları, o cümlədən Qazaxıstanda yaşayan həmvətənlərini Novruz bayramı münasibətilə təbrik edib. “Biz, Astananın mərkəzindəki Atatürk parkında gözəl yurta qurduq. Novruzun Azərbaycan mədəniyyətində necə qeyd olunduğunu nümayiş etdiririk, onu təbliğ edirik və qazax xalqına tariximizin nə dərəcədə dərin olduğunu göstəririk. Onlara musiqi, yeməklər və xalçaları təqdim edirik”, - deyə o vurğulayıb.
Birliyin mədəniyyət məsələləri üzrə müavini Sadiq Namazov qeyd edib ki, Astananın mərkəzində qurulan bu yurtda hər il olduğu kimi, bu dəfə də ziyarətçilərə Azərbaycanın qədim musiqisi, milli musiqi alətləri, rəngarəng bayram şirniyyatları və zərif naxışlı milli geyimlərimiz nümayiş etdirilir. “Biz Novruz bayramını təkcə öz aramızda deyil, Azərbaycanın bütün dostları, qazax qardaşlarımız və burada yaşayan müxtəlif icmaların üzvləri ilə birlikdə böyük coşqu ilə qeyd edirik. Məqsədimiz milli ruhumuzu yaşatmaq və bu sevinci hər kəslə bölüşməkdir”, – deyə S.Namazov vurğulayıb.
Tədbirə qatılan soydaşlarımızdan biri Aysel Abbasova da təəssüratlarını bölüşərək bu günün onlar üçün xüsusi əhəmiyyət daşıdığını bildirib: “Novruz bizi bir araya gətirən, köklərimizə bağlayan ən əziz bayramdır. Qazaxıstan paytaxtının sakinlərinə Azərbaycanın qonaqpərvərliyini və zəngin mədəni irsini göstərməkdən qürur duyuruq”.
Qeyd edək ki, Atatürk parkında keçirilən bayram tədbirləri Astana şəhərinin Baykonur rayonunun Akimliyi tərəfindən təşkil olunub.