40 il ərzində ceyranların sayı yeddi mini ötüb
Bakı, 24 yanvar, AZƏRTAC
Müxtəlif təsirlərdən, antropogen faktorlardan növün sayı azalır və ya nəsli kəsilmək təhlükəsi ilə qarşılaşır. Qırmızı Kitab hər hansı növün mühafizəsində real addımdır. 2013-cü ildə yeni Qırmızı Kitab yaradılıb. 223 vəhşi heyvan, quş, 300-dən çox bitki və göbələk növü bu Kitaba düşüb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor əvəzi Hikmət Əlizadə AZƏRTAC-a müsahibəsində məlumat verib.
H.Əlizadə daha sonra bildirib ki, altı ildir Heydər Əliyev Fondunun və İDEA təşkilatının birgə iştirakı ilə ceyranların tarixi ərazilərinə reintroduksiyası işləri aparılır və onların nəticəsi olaraq bölgələrdə ceyranların sayında artım müşahidə olunur. Cəmi 30-40 il əvvəl ceyranlara Şirvan, Salyan ərazisində rast gəlinirdi. Havadan aparılan sayğıya əsasən 130-140 baş ceyran var idi. 40 il ərzində ceyranların sayı artıq yeddi mini də ötüb və müxtəlif ərazilərdə rast gəlinir.
Bəbirin mühafizəsində də Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Dünya Vəhşi Təbiəti Müdafiə Fondu və İDEA İctimai Birliyi birgə tədbirlər həyata keçirir. Bəbirlə bağlı əldə edilən nəticələr də müsbətdir. Son illərdə onların izlənməsi üçün fototələlər yerləşdirilib. İstər Naxçıvan ərazisindən, istərsə də cənub bölgəsində Astara zonasındakı areallardan çoxlu sayda şəkillər alınıb. Bəbir və iki balasının birgə şəkli əldə edilib.
Digər növlərin artırılması ilə bağlı işlər həyata keçirilir. Bunlardan biri də Qırmızı Kitaba düşən Talış qırqovuludur. Cari ildə də İDEA təşkilatı ilə birgə layihələr həyata keçiriləcək.