IV Şuşa Qlobal Media Forumu: aktual mövzular ətrafında təkbətək formatlı sessiyalar VİDEO
Şuşa, 14 iyul, AZƏRTAC
IV Şuşa Qlobal Media Forumu çərçivəsində aktual mövzular ətrafında təkbətək formatlı sessiyalar təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “AnewZ” televiziya kanalının rəqəmsal məzmun yaradıcısı Əlisultan Sultanzadənin moderatorluğu ilə keçirilən “Süni intellekt dövründə sosial media və etik çərçivələr” adlı sessiyada “LinkedIn” şirkətinin ictimai sektor, səhiyyə sahəsi və qeyri-kommersiya satışı üzrə rəhbəri Şeymus Klens çıxış edib.
Müzakirədə süni intellekt texnologiyalarının informasiya istehsalı və yayımında yaratdığı imkanlarla yanaşı, dezinformasiyanın qarşısının alınması, məsuliyyətli rəqəmsal davranış və etibarlı informasiya mühitinin formalaşdırılmasının vacibliyi vurğulanıb.
"Sərhədlərarası media dialoqu və rəqəmsal mühitdə həmrəylik" mövzusunda keçirilən sessiyaya isə "AnewZ” televiziya kanalının jurnalisti Keyti Uilson moderatorluq edib.
“Euronews” telekanalının baş icraçı direktoru Klaus Ştrunts çıxışında qlobal informasiya mühitində media əməkdaşlığının əhəmiyyəti, müxtəlif ölkələrin media qurumları arasında təcrübə mübadiləsi və rəqəmsal platformaların yaratdığı yeni imkanlardan danışıb.
Sessiyada çıxış edənlər müasir dövrdə medianın qarşısında duran çağırışlardan, etibarlı jurnalistikanın qorunmasının vacibliyindən danışıb, beynəlxalq media dialoqunun və həmrəyliyin gücləndirilməsinin əhəmiyyətinə nəzər salıblar.