Baş mühəndis: Bakı metropolitenində xüsusi əhəmiyyət kəsb edən layihənin icrasına start verilib VİDEO
Bakı, 13 avqust, AZƏRTAC
Bakı metropolitenində hazırda xüsusi əhəmiyyət kəsb edən layihənin icrasına start verilib. Bundan sonra Yaşıl və Qırmızı xətlərin ayrılması prosesi icra ediləcək. QSC-də Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin ən mürəkkəb hissələrindən biri birləşdirici tunelin inşasıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Namiq Yusubov jurnalistlərə açıqlaması zamanı bildirib.
Onun sözlərinə görə, ilkin olaraq xətləri ayırmaq üçün hər bir xəttin - Yaşıl və Qırmızı xətlərin müstəqil şəkildə fəaliyyət göstərən deposu olmalıdır.
“Bununla bağlı layihənin icrasına mərhələli şəkildə başlanılıb. İlkin olaraq “Dərnəgül” deposunun tikintisindən start verildi və bununla əlaqədar olaraq, ümumilikdə 25 qanovdan hazırda 12 qanov istismara verilib ki, burada Yaşıl xətt üzrə hərəkət edəcək qatarların texniki baxışı, gündəlik istismarının təşkil olunması üçün şərait yaradılsın. İki kilometrə yaxın məsafədə “Dərnəgül” deposuna gedən yollar inşa olunub. Müəyyən mühəndis-texniki qurğuların inşasına başlanılıb. Qanovlarda işçilər üçün şərait yaradılıb ki, təmir işlərinin həyata keçirilməsi icra olunsun”, - deyə baş mühəndis qeyd edib.
N.Yusubov əlavə edib ki, Yaşıl xətt üzrə metronun “Dərnəgül” stansiyasından “Nizami” stansiyasına qədər hərəkət təşkil olunacaq: “Ümumilikdə xətlərin ayrılması işlərinin tam olaraq yekunlaşdırılması 11 aya yaxın müddətdə planlaşdırılıb ki, bu müddət ərzində birləşdirmə tunelinin inşasından sonra metropolitendə artıq Yaşıl və Qırmızı xətlər müstəqil şəkildə fəaliyyətini davam etdirəcək. Bununla da əlaqədar olaraq hərəkətin çevikliyi, dayaqlılığın təmin olunması, intervalların üzərində kifayət qədər təkmil həllərin təmin olunması işlərinə başlanılacaq. Bu müddət ərzində kifayət qədər hərəkətin təşkili ilə bağlı çətinliklər ola bilər”.