Qusarda kəndlərarası voleybol yarışı Çempionlar liqasını xatırladıb – VİDEO
Qusar, 15 avqust, AZƏRTAC
Qusarda keçirilən kəndlərarası voleybol çempionatı gərgin idman mübarizəsi və çılğın azarkeşlərə görə diqqət çəkib. Kənd komandalarının qarşılaşmalarında əsl Çempionlar liqası ab-havası yaşanıb. Hər oyunu təxminən iki mindən çox azarkeş izləyib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan turnir Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Qusar rayonu üzrə gənclər və idman sektorunun və İmamqulukənd bələdiyyəsinin təşkilatçılığı ilə keçirilib.
İmamqulukənd voleybol meydançasında təşkil olunan turnirin bürünc medal uğrunda qarşılaşmasında “SDK Samur” və “Köhnə Xudat” komandaları üz-üzə gəlib. Daha yaxşı oyun nümayiş etdirən “Köhnə Xudat” kollektivi turniri üçüncü yerdə başa vurub.
Finalda “Mucuqoba” komandasını ardıcıl üç setdə məğlub edən “İmamqulukənd” voleybolçuları isə turnirin qızıl medalını qazanıb.
Qalib komandalara diplom və medallar, çempiona isə yarışın kuboku təqdim olunub.
Müxbir – Elxan Yusifli