Zaur İmrani: Xəzərin səviyyə dəyişikliyi təsərrüfat sahələrinə ciddi təsir göstərə bilər VİDEO
Bakı, 20 avqust, AZƏRTAC
Xəzər dənizində su səviyyəsinin dəyişməsi Azərbaycanın ekoloji vəziyyəti ilə yanaşı, iqtisadi və sosial həyatına da ciddi təsir göstərə biləcək proseslərdəndir. Dənizin səviyyəsinin aşağı düşməsi sahil xəttinin dəyişməsinə, yeni quru sahələrinin yaranmasına və sahilyanı ekosistemlərin transformasiyasına səbəb ola bilər. Bu dəyişikliklər neft-qaz sənayesi, dəniz nəqliyyatı, balıqçılıq və sahilyanı infrastruktur üçün yeni risklər yaradır. İqlim dəyişmələri, temperaturun yüksəlməsi, buxarlanmanın artması və Xəzərə daxil olan su ehtiyatlarının azalması isə vəziyyətin gələcəkdə daha da mürəkkəbləşə biləcəyi ilə bağlı narahatlıqları artırır. Mütəxəssislər Xəzərin vəziyyətinin davamlı monitorinqini və mümkün risklərin qarşısının alınması üçün kompleks tədbirlərin görülməsini vacib hesab edirlər.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani bildirib. O qeyd edib ki, Xəzər Azərbaycan iqtisadiyyatının əsas dayaqlarından biri hesab olunur: “Dənizdəki karbohidrogen ehtiyatları, dəniz təsərrüfatı, nəqliyyat, sahilyanı infrastruktur və Xəzər ətrafında yerləşən yaşayış məntəqələri onun iqtisadi və strateji əhəmiyyətini artırır. Bu səbəbdən Xəzərin səviyyəsində baş verən dəyişikliklərin mümkün nəticələrinin əvvəlcədən araşdırılması mühüm əhəmiyyət daşıyır. Xəzərin səviyyəsinin aşağı düşməsi sahilyanı ərazilərin coğrafi görünüşünü və təbii landşaftlarını dəyişməklə yanaşı, həmin ərazilərdə fəaliyyət göstərən təsərrüfat sahələrinə də təsir göstərə bilər. Dənizin geri çəkilməsi nəticəsində yeni quru sahələrinin yaranması, sahil xəttinin dəyişməsi və ekosistemlərin transformasiyası uzunmüddətli perspektivdə müxtəlif iqtisadi və ekoloji məsələlərin meydana çıxmasına səbəb ola bilər”.
Alim vurğulayıb ki, Xəzərin gələcək vəziyyətinin qiymətləndirilməsində iqlim dəyişmələri də mühüm amildir: “Temperaturun yüksəlməsi və buxarlanmanın artması ilə yanaşı, Xəzərə daxil olan su ehtiyatlarının azalması dənizin su balansına təsir göstərir. Buna görə də Xəzərin səviyyəsindəki dəyişikliklərin monitorinqi yalnız mövcud vəziyyətin öyrənilməsi deyil, gələcək risklərin proqnozlaşdırılması baxımından da vacibdir. Xəzərin qorunması üçün elmi tədqiqatların genişləndirilməsi, su ehtiyatlarından səmərəli istifadə, sahilyanı ekosistemlərin monitorinqi və ekoloji dayanıqlığın təmin edilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi zəruridir”.
Z.İmrani əlavə edib ki, Xəzərin ekoloji vəziyyətinin qorunması Azərbaycan üçün həm təbii sərvətlərin mühafizəsi, həm də iqtisadi və sosial dayanıqlığın təmin olunması baxımından strateji əhəmiyyət daşıyır.