Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO
Bakı, 12 oktyabr, AZƏRTAC
Kamboca Baş nazirinin rəsmi səfəri zamanı keçirilən Azərbaycan-Kamboca biznes-forumu dostluq münasibətlərimizə daha böyük iqtisadi töhfə vermək üçün imkan yaradır.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Kamboca biznes-forumunda deyib.
Nazir bildirib ki, Azərbaycan və Kamboca otuz ildən artıqdır diplomatik əlaqələrə malikdir.
“Siyasi dialoqumuz ardıcıl olub və əminəm ki, iqtisadi əlaqələrimiz də buna uyğun olmalıdır. Ticarətimiz böyüyür, lakin hələ də ikitərəfli münasibətlərimizin əsl potensialını əks etdirmir. Ölkələrimizin bir-birini tamamlayan güclü tərəfləri var və geniş bazarlara çıxış təklif edir. Bizim üçün investisiya tərəfdaşlıq deməkdir. Tərəfdaşlıq isə öz növbəsində etimad qurmaq, münasibətlərin müsbət tərəflərini bölüşmək və çətinliklər zamanı bir yerdə olmaq deməkdir. Kamboca bizim şirkətlərimizin yeni tərəfdaşlıqlar axtarması və etimad qurması üçün dəstəklədiyimiz ölkədir. Bu proses çoxdan başlayıb, liderlərimiz arasında mövcud olan siyasi etimad və dostluqdan qürur duyuruq", - deyə nazir əlavə edib.