MƏDƏNİYYƏT
Mədəniyyət və Turizm Nazirliyində Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının nümayəndə heyəti ilə görüş keçirilmişdir VİDEO
Bakı, 20 fevral (AZƏRTAC). Fevralın 20-də Mədəniyyət və Turizm Nazirliyində Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının Xarici əlaqələr, milli müdafiə, İslam məsələləri və xaricdə yaşayan mərakeşlilərlə iş üzrə komitəsinin sədri Əli Kəbiri və onu müşayiət edən şəxslər ilə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqları səmimi salamlayaraq mədəniyyət və turizm sahəsində xarici ölkələr ilə əlaqələrin inkişafı barədə qısa məlumat vermişdir.
Yüksək səviyyədə müntəzəm görüşlərin mədəni əməkdaşlıq qurmaq üçün çox əhəmiyyətli olduğunu vurğulayan nazir turizm problemləri üzərində ətraflı dayanmışdır.
Ə.Qarayev demişdir: “Azərbaycan ilə tanışlıq ölkəmizin turizm imkanlarını yaxından öyrənməyə və daha sıx turist mübadiləsi aparmağa imkan verəcəkdir”.
Nazir xatırlatmışdır ki, Bakıda artıq iki dəfə Mərakeş Mədəniyyəti Günləri, habelə Mərakeşdə Azərbaycan Mədəniyyəti Günləri keçirilmişdir.
Mərakeş nümayəndə heyətinin başçısı Əli Kəbiri səmimi qəbula görə minnətdarlığını bildirərək qeyd etmişdir ki, bu səfər əməkdaşlığın konkret prioritet məsələlərini müəyyənləşdirməyə və onları hazırlıq mərhələsində olan Mədəniyyət üzrə Konvensiyaya daxil etməyə imkan verəcəkdir.
Mərakeşdə turizmin inkişafından söz açan qonaq bildirmişdir ki, il ərzində ölkəyə 10 milyondan çox turist gəlir. O əmin olduğunu bildirmişdir ki, ölkələrimiz arasında turizm əlaqələri dinamik inkişaf edəcəkdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılmışdır.