MƏDƏNİYYƏT
Mequro Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının təşkil etdiyi festivalda Azərbaycan yüksək səviyyədə təmsil olunmuşdurVİDEO
Tokio, 24 fevral (AZƏRTAC). Tokionun mərkəzində yerləşən Mequro Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının (MİFA) eyniadlı rayon ərazisində yaşayan müxtəlif xalqların nümayəndələrinin iştirakı ilə təşkil etdiyi festivalda Azərbaycan yüksək səviyyədə təmsil olunmuşdur.
Əvvəlcə MİFA-nın baş direktoru xanım Reyko Kato və Mequro rayonunun meri Eici Aoki tədbir iştirakçılarını salamlamışlar.
Tədbirdə rayon ərazisində yerləşən diplomatik heyət adından çıxış edən Azərbaycanın Yaponiyadakı səfir Gürsel İsmayılzadə bildirmişdir ki, artıq 21 ildir fəaliyyət göstərən MİFA rayon ərazisində yaşayan müxtəlif xalqların nümayəndələri arasında mehriban əməkdaşlıq, səmimi qonşuluq münasibətlərinin qurulmasında, onların yapon mədəniyyətini, adət-ənənələrini, dilini öyrənməsində mühüm rol oynayır.
MİFA rəhbərliyinə və rayon sakinlərinə dostluq münasibətlərinə və mehriban əməkdaşlığa görə minnətdarlığını bildirən azərbaycanlı diplomat sayca 9-cu olan bu festivalın müxtəlif xalqların adət-ənənələri və mədəniyyəti ilə yaxından tanış olmaq üçün əlverişli şərait yaratdığını vurğulamışdır.
Azərbaycan səfirliyinin ikinci dəfə bu festivala qatıldığını bildirən səfir qədim və zəngin mədəniyyətimiz haqqında danışmış, UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilmiş muğam sənəti, baharın gəlişini bildirən Novruz bayramı, ölkəmizin turizm imkanları barədə məlumat vermişdir.
Ölkəmizin həm tarixi, həm də müasirliyi özündə əks etdirən bir məkan olduğunu qeyd edən G.İsmayılzadə qədim İpək Yolunun tərkib hissələri olan Azərbaycan ilə Yaponiyanı dərin tarixi köklərin birləşdirdiyini vurğulamışdır. Azərbaycan ilə Yaponiya arasında bu gün də ümumi, qarşılıqlı maraqlara və hörmətə əsaslanan dostluq münasibətlərinin qürur doğurduğunu qeyd etmişdir.
Sonra tədbir iştirakçıları rayon ərazisində yerləşən Azərbaycan, Qırğızıstan, Özbəkistan, Polşa, Nepal, Sudan, Cibuti və Keniya səfirlikləri tərəfindən hazırlanmış sərgi ilə tanış olmuşlar.
Azərbaycan səfirliyinin hazırladığı stenddə milli adət-ənənələrimizi əks etdirən eksponatlar, ölkəmiz haqqında yapon dilində nəşr edilmiş müxtəlif materiallar, “İRS-İsan” jurnalının nömrələri, Bakı mənzərələrinin əks olunduğu rəsm əsərləri, milli mətbəximizin nümunələri tədbir iştirakçılarına təqdim edilmişdir.
Azərbaycan milli mətbəxinin ləziz nümunələri, şərablarımız, şəkərbura və paxlava tədbirdə iştirak edən yaponlar, eləcə də digər xalqların nümayəndələri tərəfindən böyük maraqla qarşılanmışdır.
Səfir G.İsmayılzadə MİFA-nın baş direktoru xanım R.Katoya Azərbaycan stendi barədə ətraflı məlumat vermişdir. Qonaqlar sərginin yüksək səviyyədə təşkil olunduğunu xüsusi qeyd etmişlər. Azərbaycan mətbəxinin nümunələrini həvəslə dadanlar şərabların və yeməklərimizin çox tamlı olduğunu vurğulamışlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio