REGİONLAR
64 saylı Salyan seçki dairəsi üzrə maarifləndirici treninqlər başa çatıb


Salyan, 23 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkiləri ilə əlaqədar 64 saylı Salyan seçki dairəsinin Dairə Seçki Komissiyasında aşağı seçki komissiyalarının üzvləri üçün gündə iki dəfə olmaqla, dördgünlük maarifləndirici treninqlər keçirilir.
Dairə Seçki Komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, treninqin sonuncu günü – yanvarın 23-də seçki məntəqələrinin sədr, katib və komissiya üzvlərinə Mərkəzi Seçki Komissiyası tərəfindən tərtib edilmiş xüsusi proqram əsasında ətraflı məlumat verilib. Tədris edilən məşğələlər zamanı iştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə günü prosedurları, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilib, komissiya üzvlərinin sualları cavablandırılıb.
Hər bir iştirakçıya Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim olunub.
Qeyd edək ki, sözügedən dairə üzrə 48 seçki məntəqəsi var. Ümumilikdə seçki dairəsi üzrə 50 min 531 seçici qeydə alınıb ki, onlardan 261 nəfəri ilk dəfə səsvermə hüququna malik olan seçicidir. Seçki dairəsi üzrə 199 namizəd qeydə alınıb. Seçki prosesini izləmək üçün 520 müşahidəçi qeydiyyatdan keçib.