İDMAN
Azərbaycana 15-ci qızıl medal sevincini boksçu Teymur Məmmədov yaşatdı VİDEO
Bakı, 25 iyun, Samirə Allahverdiyeva, Abbasəli Yadigarov, AZƏRTAC
Birinci Avropa Oyunlarında Azərbaycana 15-ci qızıl medal sevincini boksçumuz Teymur Məmmədov yaşadıb.
AZƏRTAC xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu gərgin keçən final qarşılaşmasında italiyalı Valentino Manfredonianı 3:0 hesabı ilə məğlub edərək birinci Avropa Oyunlarının çempionu olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri arenada final oyununu izləyiblər.
Bu çəki dərəcəsində bürünc medallara rusiyalı Pavel Silyagin və ukraynalı Aleksandr Xijniak layiq görülüblər.
Qaliblərin mükafatlandırılması mərasimində medalları idmançılara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim edib.
Birinci Avropa Oyunlarının çempionunun şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağı ucaldılıb.
Teymur birinci Avropa Oyunlarında qələbəyə gedən yoldakı bütün qarşılaşmalarda rəqiblərinə heç bir şans verməyib. O, Böyük Britaniya idmançısı Coşua Buatsi, polşalı Yordan Kulinski, niderlandlı Peter Müllenberq və rusiyalı Pavel Silyagin ilə keçirdiyi görüşlərin hamısını 3:0 hesabı ilə başa vurub.
AZƏRTAC-ın arayışı: Azərbaycanın ən güclü boksçularından olan 22 yaşlı Teymur Məmmədov idman karyerasına 2003-cü ildə başlayıb. Ötən müddətdə bir sıra diqqətəlayiq uğurlara imza atıb. 2012-ci ildə Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. Bundan bir il əvvəl isə dünya çempionatının ikincisi olub və Avropa çempionu titulunu qazanıb.
“Rabitə” idman klubunun üzvü olan boksçunun şəxsi məşqçisi İlham Əlimzanovdur.