“92-ci ilin qarı” sənədli filmi silsilə tədbirlərdə nümayiş edilib
Bakı, 26 fevral, AZƏRTAC
Bakı Şəhər İcra Hakimiyyətinin Kino Xidməti idarəsi “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bir sıra silsilə tədbirlər keçirib, faciənin gələcək nəsillərin yaddaşından silinməməsi üçün bu qanlı olayla bağlı “92-ci ilin qarı” adlı sənədli film çəkib.
AZƏRTAC xəbər verir ki, sənədli filmlə yanaşı, Kino Xidməti idarəsi Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər həyata keçirib.
Bakı Şəhər İcra Hakimiyyətinin konfrans zalında paytaxtda yerləşən səfirliklər və diplomatik korpusun nümayəndələrinin iştirakı ilə tədbir, Azərbaycan Xalça Muzeyində “Xocalını unutmayaq”, Rəşid Behbudov adına Mahnı Teatrında “Xocalı sağalmaz yara” adlı ədəbi-bədii kompozisiya, Memarlıq və İnşaat Universitetində “Xocalı fəryadı”, Şuşa Şəhər 1 nömrəli tam orta məktəbdə, həmçinin hərbi hissələrdə, o cümlədən, Bakı Ali Neft Məktəbində və Azərbaycan Hərb Tarixi Muzeyində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilərək, “92-ci ilin qarı” adlı sənədli film nümayiş edilib.