CƏMİYYƏT
Azərbaycan və Rusiya sərhədçiləri gələcək fəaliyyət istiqamətlərini müzakirə ediblər VİDEO
Bakı, 11 mart, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin dəvəti ilə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini - Sərhəd Xidmətinin rəhbəri, ordu generalı Vladimir Kulişovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 11-də ölkəmizə rəsmi səfərə gəlib.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Səfər çərçivəsində DSX-nin Aparatında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Sərhəd Xidmətinin nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüş zamanı tərəflər Azərbaycan-Rusiya sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində, o cümlədən Xəzər dənizində vəziyyət barədə fikir mübadiləsi aparıb, sərhəd təhlükəsizliyinə olan təhdidlərlə mübarizə sahəsində qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, demarkasiya işlərinin təşkili üzrə praktiki əməkdaşlığın davamı, habelə gələcək illər üçün fəaliyyət istiqamətlərinin müəyyən edilməsi kimi məsələləri müzakirə ediblər.
Söhbət əsnasında ikitərəfli əməkdaşlığın inkişafı müsbət qiymətləndirilib, Azərbaycan və Rusiya sərhəd xidmətləri arasındakı əlaqələrin səviyyəsinin dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması üzrə məsələlərin həll edilməsinə töhfə verdiyi vurğulanıb.
Bununla yanaşı, görüşdə Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın hərbi təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyi, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğu diqqətə çatdırılıb, həmçinin sərhəd mühafizə sisteminin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində həyata keçirilmiş tədbirlər və əldə olunmuş nailiyyətlər barədə Rusiya nümayəndələrinə ətraflı məlumat verilib.
Tədbir iştirakçıları “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində dövlət sərhədindən buraxılış məntəqələrinin müasir standartlara uyğun təkmilləşdirilməsi, sərhəd nəzarəti prosedurlarının sadələşdirilməsi istiqamətində zəruri addımların atılmasının vacibliyini vurğulayıblar.