İQTİSADİYYAT
Əlirza Peyman Pak: İranla Azərbaycan arasındakı ticarət dövriyyəsi yüksələn xətt üzrə artır
Tehran, 4 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası ilə İran arasındakı ticarət dövriyyəsində 84 faiz artım müşahidə edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlirza Peyman Pak deyib. Oktyabrın 5-də Moskvada keçiriləcək Xəzər İqtisadi Forumunda iştirak etmək üçün Rusiyaya gözlənilən səfəri barədə danışan Əlirza Peyman Pak nəzərə çatdırıb ki, Xəzəryanı dövlətlərlə əməkdaşlıq faydalı və səmərəlidir. O bildirib ki, İranın ticarət dövriyyəsi Azərbaycanla 84, Rusiya ilə 31, Türkmənistanla 40 faiz artıb. Rəqəmlərdən də göründüyü kimi, İranla Azərbaycan arasındakı ticarət dövriyyəsi yüksələn xətt üzrə artır.
Əlirza Peyman Pak onu da qeyd edib ki, Rəşt-Astara dəmir yolu tikilib istifadəyə verildikdən sonra İranın yalnız Azərbaycanla deyil, digər region ölkələri ilə də ticarət dövriyyəsində artım müşahidə olunacaq.
Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan Rəşt-Astara dəmir yolu Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttinin davamıdır. Bu yolla İran Rusiya və Avropaya, eləcə də əks istiqamətə yükdaşımaları həyata keçirə bilər. Azərbaycan tranzit ölkə olaraq üzərinə düşən bütün işləri yerinə yetirərək Bakı-Astara dəmir yolu xəttində yenidənqurma işləri aparıb. Azərbaycanın Astara şəhəri ilə İranın Astara şəhəri arasında dəmir yolu körpüsü salıb və iki ölkə arasında dəmir yolu əlaqəsi yaranıb.
Rəşt-Astara yolu İranın ticarət əlaqələrini genişləndirmək üçün əhəmiyyətli xarakter daşıyır. Təsadüfi deyil ki, İranın Ticarətin İnkişafı Təşkilatın rəhbəri Rəşt-Astara dəmir yolunun tezliklə çəkilib istismara buraxılmasını olduqca vacib hesab edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran