Azərbaycan “Belarusneft”ə 300 milyon dollar borc ayıracaqdır
Minsk, 1 avqust (AZƏRTAC). Belarus Hökuməti “Belaruskaliy” ASC üçün ayrılan 300 milyon dollar məbləğində zəmanətli borcun ödəniləcəyi barədə Azərbaycan Maliyyə Nazirliyinə zəmanət vermişdir. BELTA Belarusun Milli Hüquq İnterneti portalına istinadla bildirir ki, zəmanət Belarus Nazirlər Sovetinin 2011-ci il 27 iyul tarixli qərarına müvafiq verilir.
Söhbət 2011-2015-ci illərdə Belarus Respublikasının investisiya layihələrinin və sosial-iqtisadi proqramının icrası üçün “Belaruskaliy” ASC-ya verilən borcdan gedir. Hökumətin zəmanəti bu qəbildən borclardan istifadəyə görə faizlərin ödənilməsi və digər ödənişlərin edilməsi üçün təqdim olunur.
Qərara görə, Belarus Hökumətinin zəmanəti “Baleruskaliy” və Azərbaycanın “KapitalBank”ı arasında kredit müqaviləsi imzalandıqdan sonra verilir.
Belarus Hökumətinin borc zəmanətinin verilməsinə görə haqq borcun məbləğinin 0,01 faizi məbləğində birdəfəlik ödənilir.
Borc üzrə agent bank “Priorbank” ASC müəyyən olunmuşdur.
“Belaruskaliy” ASC-nin zəmanətli borcunun məqsədli istifadəsi, borcun, borc faizlərinin vaxtında təmin olunması və digər ödənişlərin edilməsi “Belneftexim” konserninə həvalə ediləcəkdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk