Azərbaycan Cüdo Federasiyasının prezidenti Ağstafa şəhərində region məşqçiləri və idmançıları ilə görüşüb
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Ağstafa şəhərində region məşqçiləri və idmançıları ilə görüşüb.
Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı regionlarda cüdonun daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.
Regionlarda, o cümlədən Ağstafa və ətraf rayonlarda cüdonun daha da kütləviləşdirilməsi yeniyetmələrin və gənclərin fiziki və mənəvi tərbiyəsinə töhfə verməklə yanaşı, gələcəkdə milli yığmaların üzvü ola biləcək istedadlı idmançıların aşkarlanması baxımından da əhəmiyyət kəsb edir.
Bununla yanaşı, Rəşad Nəbiyev Göygöl Olimpiya Kompleksində kişilərdən ibarət milli yığmanın baş məşqçisi Riçard Trautmanın rəhbərliyi ilə təşkil olunmuş ilk təlim-məşq toplanışı çərçivəsində kişilərdən və gənclərdən ibarət milli yığma komandalarının məşqini də izləyib.