SİYASƏT
Samux Rayon İcra Hakimiyyəti Ağasıbəyli kəndində səyyar qəbul keçirmişdir
Samux, 14 aprel (AZƏRTAC). Əhalinin problemlərinin yerində öyrənilməsi və həlli yollarının araşdırılması ilə əlaqədar Prezident İlham Əliyevin verdiyi tövsiyə və tapşırıqlara uyğun olaraq Samux Rayon İcra Hakimiyyəti növbəti səyyar qəbulunu Ağasıbəyli kəndində keçirmişdir.
AZƏRTAC xəbər verir ki, qəbul zamanı kənd sakinlərinin arzu, təklif və şikayətləri dinlənilmiş, bəzi problemlərin həlli ilə bağlı konkret tapşırıqlar verilmişdir.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev rayonda görülən işlərdən danışaraq qeyd etmişdir ki, digər yaşayış məntəqələrində olduğu kimi, Ağasıbəyli kəndində də xeyli iş görülmüşdür. Kənddə yeni məktəb binası inşa edilmişdir. Əhali mavi yanacaqdan və elektrik enerjisindən fasiləsiz olaraq istifadə edir. Ərazidə yaşıllıqların salınması, eləcə də bir sıra sosial obyektlərin inşası sürətlə davam etdirilir. Əhalinin məşğulluğunun təmin olunması üçün xeyli sayda istehsal sahələri yaradılmışdır. Sakinlərin əsas məşğuliyyəti nəzərə alınmaqla bu istiqamətdə tədbirlər indi də davam etdirilir.
Sonra kənd sakinlərinin arzu və təklifləri dinlənilmişdir. Onlar heyvandarlığın inkişafı üçün zəruri tədbirlərin görülməsinin, xüsusilə suvarma suyuna olan tələbatın ödənilməsinin vacibliyini, kəndarası yolların təmirini, eləcə də kənddə məktəbəqədər uşaq tərbiyə müəssisəsinin yaradılmasının zəruriliyini diqqətə çatdırmışlar.
Görüşdən razı qalan kənd sakinləri qaldırdıqları problemlərin tezliklə həll ediləcəyinə əminlik ifadə etmişlər.