ELM VƏ TƏHSİL


Azərbaycan Respublikasının Konstitusiyası qürur mənbəyimizdir

Azərbaycan Respublikasının Konstitusiyası qürur mənbəyimizdir

Bakı, 12 noyabr, AZƏRTAC

Bu gün müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 27 il ötür. Ümummilli lider Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunur. Dövlətlər yarandıqca, inkişaf etdikcə müstəqil konstitusiyaların yaradılmasına və qəbul edilməsinə ehtiyac olub. Müstəqillik əldə edənə kimi, yəni SSRİ-nin tərkibində olan zaman Azərbaycanın 1921, 1925, 1936 və 1978-ci illərdə konstitusiyaları qəbul edilib. Lakin bu konstitusiyaların heç biri Azərbaycanın müstəqilliyini ifadə etmirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı hüquq üzrə fəlsəfə doktoru İlham Əliyev deyib. O bildirib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə gəlişinin ilk günlərindən başlayaraq Azərbaycanın inkişafı, müstəqilliyinin daimi olması, vətəndaş cəmiyyətinin, demokratik, hüquqi və dünyəvi dövlətin bərqərar olması üçün çalışırdı: “Konstitusiya layihəsi xalqın müzakirəsinə təqdim olundu və 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsində mütləq referendumla həll edilməli məsələlər sırasına Konstitusiyanın qəbulu və ona dəyişikliklər edilməsi aid edilib. Konstitusiyaya əlavələr isə Azərbaycan Respublikası Prezidentinin və Milli Məclisinin deputatlarının təklifi əsasında Milli Məclisdə Konstitusiya qanunları şəklində səsvermə yolu ilə qəbul edilir. Ümummilli lider Heydər Əliyev də bu səbəblərdən irəli gələrək 2002-ci il iyunun 22-də “Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi keçirilməsi haqqında” Fərman imzaladı.

2009-cu ildə günün, zamanın tələbinə uyğun olaraq Konstitusiyaya dəyişikliklər və əlavələr edilməsi zərurəti yarandı. Martın 18-də ümumxalq səsverməsi-referendumla Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edildi.

Konstitusiyamıza növbəti dəyişikliklərin təşəbbüskarı ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev oldu. Dövlətimizin başçısı dahi şəxsiyyət Heydər Əliyevin strategiyasını uğurla davam etdirərək Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri sırasında layiqli yerini tutması, dünyaya inteqrasiya etməsi üçün zəruri addımlar atıb, islahatlar aparıb. Azərbaycan Respublikasının Prezidenti 2016-cı il iyulun 18-də “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncam imzaladı”.

Müsahibimiz vurğulayıb ki, Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsində qazanılan böyük zəfər də Konstitusiyamızın tələblərinin yerinə yetirilməsinin mənəvi nəticəsidir: “Qürurverici haldır ki, xalqımız Əsas Qanunun qəbulunun 27-cı ildönümünü qalib xalq kimi ikiqat sevinc hissi ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbənin qazanılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaradıb. Bu Qələbə sayəsində 30 ilə yaxın müddətdən sonra beynəlxalq hüququn prinsip və tələbləri yerinə yetirilib və işğaldan azad edilmiş ərazilərdə Konstitusiyanın hüquqi qüvvəsi təmin olunub”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.