MƏDƏNİYYƏT
Azərbaycan Turizm Bürosu “Skyscanner” platforması ilə əməkdaşlığa başlayıb
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycan Turizm Bürosu metaaxtarış mühərriki vəzifəsini daşıyan, aviabiletlər, hotel və avtomobil icarəsini əlçatan edən “Skyscanner” platformasında onlayn kampaniyaya start verib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, kampaniya çərçivəsində “www.skyscanner.net” saytında beynəlxalq platformanın İsrail, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədən olan istifadəçiləri üçün Azərbaycana uçuşlar, hotellər və turizm təklifləri haqqında ingilis dilində ətraflı məlumatlar yerləşdirilib. Belə ki, platforma istifadəçiləri əsas səhifəni sadalanan ölkələr üzrə dəyişdikdə Azərbaycan haqqında maraqlı məlumatların yerləşdirildiyi səhifəyə yönləndirilirlər.
Həmin səhifədə isə ölkəmizin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmış obyektləri, memarlıq və sənətkarlıq nümunələri, təbiəti, multikultural mühiti haqqında geniş məlumat öz əksini tapır.
Eyni zamanda platformanın feysbuk və instaqram hesablarında müxtəlif məzmunlu reklamlar yerləşdirilib. Bu reklamlar istifadəçiləri müvafiq səhifələrə yönəldərək həm ölkənin turizm potensialı haqqında məlumatlılığı artırmağa, həm də Azərbaycana səyahətin asan şəkildə planlaşdırılmasına xidmət edir.
“Skyscanner” onlayn səyahət agentliyinin əsası 2003-cü ildə Böyük Britaniyada qoyulub. Səyahət üzrə metaaxtarış mühərriki rolunu oynayan saytı hər ay 100 milyon nəfər ziyarət edir.
Qeyd edək ki, Azərbaycan Turizm Bürosu bundan əvvəl BƏƏ-nin aparıcı səyahət platforması “DnataTravel”, Rusiyanın ən iri səyahət platformalarından biri olan “Travelask.ru”, eləcə də beynəlxalq platformalar olan “Wego”, “Expedia” və “Aviasales” ilə əməkdaşlığa başlayıb.