ELM VƏ TƏHSİL


“Azərbaycanda həyat keyfiyyəti - 2020: inklüziv inkişafa doğru” mövzusunda müzakirələr aparılıb

Bakı, 21 iyun, AZƏRTAC

AMEA-nın İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, institutun baş direktoru professor Nazim İmanovun sədrliyi ilə keçirilən tədbirə bir sıra ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.

Seminarda İqtisadiyyat İnstitutunun Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı şöbəsinin elmi işçisi Minarə Ağayeva “Azərbaycanda həyat keyfiyyəti - 2020: inklüziv inkişafa doğru” mövzusunda aparılmış tədqiqatın nəticələrinə həsr olunmuş təqdimatla çıxış edib. Məruzəçi bildirib ki, bu tədqiqat Azərbaycanda iqtisadi rayonların, respublika tabeli şəhərlərin və inzibati rayonların həyat keyfiyyəti üzrə reytinqini ölçür, ölkənin 13 iqtisadi rayonunu, həmin rayonlara daxil olan 73 respublika tabeli şəhəri və inzibati rayonları əhatə edir. Bakı şəhəri inkişaf səviyyəsinə və əhalisinin həyat keyfiyyətinə görə ölkənin digər bölgələrindən fərqləndiyi üçün araşdırmaya daxil edilməyib.

M.Ağayeva Həyat Keyfiyyəti İndeksinin hesablanma metodologiyası barədə də geniş məlumat verib. O, hər bir sub-indeks üçün rayonlar üzrə aparılmış qiymətləndirmələrin nəticələrini geniş şəkildə təqdim edib. Diqqətə çatdırıb ki, dünyanın əksər aparıcı tədqiqat mərkəzləri həyat keyfiyyətini qiymətləndirərkən məhz bu göstəricilərdən istifadə edir, yaradıcı heyət bunları həyat keyfiyyəti üzrə ölkədaxili reytinqləri hazırlamaq üçün yetərli sayır. Bu tipli bölgələrarası müqayisəli tədqiqatlar mühüm elmi məsələlərin həllinə kömək etməklə yanaşı, praktik əhəmiyyət daşıyır. Onların nəticələri regionların sosial-iqtisadi inkişafı ilə bağlı praktik idarəetmə qərarlarının qəbul edilməsi zamanı, o cümlədən ayrı-ayrı bölgələrdə iqtisadiyyatın üstün templərlə inkişafı dəstəklənərkən, sosial-iqtisadi proqramlar tərtib edilərkən, müxtəlif rayonların inkişafına əlavə dövlət vəsaitləri ayrılarkən faydalı ola bilər.

Sonra seminarda mövzu üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.