Yaddaşın zirvəsində – Keşikçidağda mədəni irsə səyahət
Ağstafa, 10 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günündə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində tur iştirakçıları üçün ekskursiya təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə ekskursiya çərçivəsində iştirakçılar əvvəlcə Keşikçidağ Kurqanlar Vadisində yerləşən arxeoloji abidələr və qədim dəfn kompleksləri ilə tanış olublar. Onlara ərazidə aparılmış elmi-arxeoloji tədqiqatlar barədə ətraflı məlumat verilib.
Sonra qonaqlar qoruq ərazisində yerləşən “İlham Əliyev adına zirvə”, həmin istiqamətdəki mağaralar, mağaraların divar və tavanlarında qorunub saxlanılan freska nümunələri, qədim su quyuları və ərzaq anbarları ilə tanış olublar. Bildirilib ki, Keşikçidağ kompleksi regionun qədim yaşayış və dini-mənəvi mühitinin öyrənilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Səfər zamanı iştirakçılar Ceyrançöl düzünün dağ ətəklərində yaz mövsümündə al-əlvan rəngə boyanan laləlikləri seyr edib, mənzərələr fonunda xatirə şəkilləri çəkdiriblər.
Ekskursiya proqramına, həmçinin qoruq tərəfindən salınmış badam bağı ilə tanışlıq daxil edilib. Qonaqlara ərazidə həyata keçirilən yaşıllaşdırma və ekoloji mühafizə tədbirləri barədə məlumat verilib, bölgənin flora və faunası, o cümlədən nadir quş növləri haqqında danışılıb.
Sonda qoruq əməkdaşlarının tarixi-mədəni irsin mühafizəsi, tədqiqi və təbliği istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib. Qeyd olunub ki, bu cür tədbirlər milli-mənəvi dəyərlərin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır.
Müxbir -Ruslan Novruzoğlu