Ər-Riyadda Heydər Əliyevin zəngin dövlətçilik irsi yad olunub
Qahirə, 10 may, AZƏRTAC
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Ər-Riyaddakı səfirliyinin əməkdaşları, diaspor fəalları iştirak ediblər.
Səfir Mütəllim Mirzəyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulması, ölkənin müstəqilliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin edilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun artırılması istiqamətində həyata keçirdiyi tarixi xidmətlərdən geniş danışıb.
Vurğulanıb ki, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və dövlətçilik ənənələrinin formalaşdırılması məhz Ulu Öndərin uzaqgörən siyasəti və qətiyyətli rəhbərliyi nəticəsində mümkün olub. Bildirilib ki, müstəqilliyin ilk illərində mürəkkəb vəziyyətlə üzləşən Azərbaycan məhz Heydər Əliyevin qətiyyətli rəhbərliyi sayəsində böhrandan çıxaraq inkişaf yoluna qədəm qoyub.
Çıxış zamanı Ulu Öndərin rəhbərliyi dövründə həyata keçirilən mühüm iqtisadi və enerji layihələrinin Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsində mühüm rol oynadığı diqqətə çatdırılıb. Xüsusilə qeyd edilib ki, Heydər Əliyevin müəllifi olduğu neft strategiyası nəticəsində Azərbaycan etibarlı beynəlxalq tərəfdaş kimi tanınıb və regionun enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəyə çevrilib.
Diplomat diqqətə çatdırıb ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi və iqtisadi inkişaf kursu hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm regionda güclü mövqeyini daha da möhkəmləndirib, həm də öz ərazi bütövlüyü və suverenliyini tam təmin edib.
Daha sonra çıxış edən qonaqlar Heydər Əliyevin zəngin siyasi irsindən, onun dünya miqyasında görkəmli dövlət xadimi kimi fəaliyyətindən və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıblar.
Şıxəli Əliyev