CƏMİYYƏT
Azərbaycanda meşə zolaqları ölkə ərazisinin təqribən 12 faizini təşkil edir
Bakı, 21 may, AZƏRTAC
Dünya ölkələri ilə müqayisədə Azərbaycan meşəsi az olan ölkədir. Lakin son onillikdə artan tendensiya müşahidə edilir. Bir sıra beynəlxalq təşkilatların qiymətləndirmələrində də artan dinamikanın olması qeydə alınır. 2008-ci ilin rəsmi göstəricisinə görə, Azərbaycanda meşə ərazisi 11,4 faiz hesab olunurdusa, indi bu göstərici 12 faiz həddindədir. Meşə zolaqlarının sahəsində 0,6 faizə qədər artım var. Bu, çox böyük göstəricidir.
AZƏRTAC xəbər verir ki, bunu mayın 21-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
“Etiraf edək ki, ölkəmizdə meşələrə qarşı arzu etdiyimiz münasibət yoxdur. Bu, əsasən regionlara aiddir. Çünki meşə ərazilərində qırıntıların aparılması, ağacların kəsilməsi daha çox regionlarda yaşayan vətəndaşlarımız tərəfindən həyata keçirilir. Təəssüf ki, bəzən meşə gözətçilərinin onlarla əlbir olması və yaxud bu hallara göz yumması faktları da qeydə alınır. Regionlarda meşə ərazilərini mühafizə edən şəxslər birbaşa həmin ərazilərdə yaşayanlardır. Biz çox qətiyyətlə belə neqativ hallarla mübarizə aparırıq. Bu cür hallara qarşı nəzarət həyata keçirilir və ən ciddi tədbirlər görülür. Əgər həmin insanlar bizim sıralarımızdadırlarsa, onlar işdən azad edilir və əməllərinə hüquqi qiymət verilir.
Onu da qeyd edim ki, bəzi hallarda meşələrdə ağacların kəsilməsi labüddür. Çünki bəzi regionlarda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinin, Təhsil Nazirliyinin müəssisələrinin odunla təminatı həyata keçirilməlidir. Burada söhbət meşələrin sanitar qırıntısından gedir. Azərbaycanın illik ehtiyacı təqribən 70 min kubmetr həcmindədir. Bəzi hallarda meşə qırıntıları aparılmalıdır, lakin bu, xüsusi müəyyən edilmiş sahələrdə, seçilmiş şəxslər tərəfindən həyata keçirilməlidir və bu sahədə sui-istifadəyə qətiyyən yol verilməməlidir”, - deyə H.Əlizadə qeyd edib.