ELM VƏ TƏHSİL
BDU-da ulu öndər Heydər Əliyevə həsr olunan silsilə mühazirələr dinləniləcək
Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Bakı Dövlət Universitetində (BDU) ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan mühazirələrə başlanılıb.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan rektor Elçin Babayev ümummilli lider Heydər Əliyevin şəxsiyyətinin Azərbaycan üçün əhəmiyyətindən danışıb. Bildirib ki, müasir Azərbaycan öz varlığı ilə Heydər Əliyevə borcludur. Ulu Öndərimizin xidmətləri sayəsində ölkəmizdə müstəqillik əbədi və dönməz xarakter alıb, dövlətçilik möhkəmlənib. Rektor qeyd edib ki, intellekti və savadı ilə fərqlənən ixtisaslı kadrların yetişdirilməsi məsələləri Ulu Öndərin fəaliyyətinin bütün mərhələlərində prioritet olub, yürütdüyü siyasət uzaq hədəflərə hesablanıb.
Elçin Babayev diqqətə çatdırıb ki, Ümummilli Liderin müəyyənləşdirdiyi siyasət Prezident İlham Əliyev tərəfindən yeni şəraitin tələblərinə uyğun şəkildə davam etdirilir. Onun siyasətinin nəticəsi olaraq bu gün dünya Azərbaycanla hesablaşır.
Rektor vurğulayıb ki, Heydər Əliyevin Azərbaycan üçün etdikləri tədqiqat obyektinə çevrilməli, gələcək nəsillərə çatdırılmalıdır. Bu məqsədlə universitetdə silsilə olaraq Heydər Əliyevə həsr olunan mühazirələrin dinlənilməsi təşkil ediləcək.
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı məruzə ilə çıxış edib. O, məruzəsində ulu öndər Heydər Əliyevin müstəqilliyimizin qorunması, ölkəmizin inkişafı istiqamətində tarixi xidmətlərindən bəhs edib. Qeyd edib ki, 2003-cü ildən sonrakı illərdə isə Prezident İlham Əliyev Heydər Əliyevin siyasətini uğurla davam etdirərək Azərbaycanın sürətli inkişafına nail olub.