Bill Cons: Azərbaycan multikulturalizm, tolerantlıq ənənələrinə xüsusi önəm verən azsaylı ölkələrdən biridir
Bakı, 21 iyul, AZƏRTAC
İyulun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov ABŞ-ın Cənubi Karolina ştatından olan nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC Komitənin saytına istinadla bildirir ki, qonaqları salamlayan S.Heydərov ölkəmizdə mövcud olan nümunəvi dövlət-din münasibətləri, Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, dinlərarası harmoniya, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında, eləcə də bu münasibətlərin tənzimlənməsi sahəsində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, dövlətin din siyasətində dini etiqad azadlığının təmin edilməsi, eləcə də dini mövqedən yönələn təhdidlərin qarşısının alınması prioritet istiqamətlərdəndir. Xalqımızın öz tarixi köklərinə bağlılığı, milli-mənəvi, tolerant dəyərlərinə sadiq olması respublikamızın mövcud xətt üzrə dövlət siyasəti ilə tam bir vəhdət təşkil etməkdədir. Bu gün Azərbaycanın dövlət siyasətinə çevrilən multikulturalizm anlayışı təkcə ayrı-ayrı ölkələrdə deyil, bütövlükdə dünyada mədəni müxtəlifliyin qorunmasına və bu vasitə ilə ümumbəşəri harmoniya yaradılmasına, xalqların, fərqli din və mədəniyyətlərin qarşılıqlı faydalı əməkdaşlığına yönəldilmiş nəzəriyyədir.
Azərbaycan nümayəndə heyətinin ötən ay ABŞ-a səfərini xatırladan S.Heydərov qonaqları komitənin cari ilin oktyabrında Vaşinqtonda keçirəcəyi beynəlxalq konfransa dəvət edib.
Ölkəmizə növbəti dəfə səfər etməsindən məmnunluğunu ifadə edən Kolumbiya Beynəlxalq Universitetinin rektoru və Xristian təmayüllü “Crossover Global” təşkilatının təsisçisi doktor Bill Cons Azərbaycanda müxtəlif dinlərə məxsus icmalara yüksək diqqət və qayğını, müxtəlif dini konfessiya nümayəndələrinə dövlət tərəfindən həm mənəvi, həm də maddi dəstək verilməsini nadir nümunə kimi dəyərləndirib. Qonaq ölkəmizin multikulturalizm, tolerantlıq ənənələrinə xüsusi önəm verən azsaylı ölkələrdən biri olduğunu vurğulayıb.
Qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə də fikir mübadiləsinin aparıldığı görüşün sonunda Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi, ölkəmizdəki dini tolerantlıq mühitindən bəhs edən kitablar qonaqlara təqdim olunub.