ELM VƏ TƏHSİL
DAVAMLI İNSAN İNKİŞAFI
Bakı, 24 noyabr (AZƏRTAC). Ələddin Əsgərovun, Eldar Hüseynovun və Sakit Hüseynovun “Davamlı insan inkişafı” kitabı çapdan çıxmışdır.
Ali məktəblər üçün dərslik kimi nəzərdə tutulmuş nəşrin başlıca məqsədi “Gələcəksiz inkişafın” və “bərabərsizliklə müşayiət olunan inkişafın” qarşısının alınması və onunla ciddi mübarizə aparılmasından ibarətdir. Kitabın elmi redaktoru M.M.Sadıqovdur.
Kitabda davamlı insan inkişafı konsepsiyasının meydana gəlməsi, mahiyyəti, əsas prinsipləri, cəmiyyətdə insan inkişafının göstəricilərin qiymətləndirilməsi şərh edilmişdir. Dərslikdə davamlı insan inkişafını əhatə edən sosial-iqtisadi, təhsil, sağlamlıq, ətraf mühit, ailə-məişət, gender, mənəvi-psixoloji, mədəniyyət və incəsənət, milli təhlükəsizlik və s. məsələlər geniş şəkildə şərh edilmişdir.
Ali məktəb tələbələri və doktorantlar, eləcə də davamlı insan inkişafı problemləri ilə maraqlananlar üçün nəzərdə tutulmuş kitab on beş fəsildən ibarətdir. kitab hazırlanarkən ilkin vəsait kimi akademik Urxan Ələkbərovun və Arif Muradovun, fəlsəfə elmləri doktoru Sakit Hüseynovun və digər alimlərin dərsliklərindən istifadə edilmişdir.
Kitabda “İnsanın yaranması, təkamül və müasir sivilizasiya”, “Təbiət və cəmiyyət, onların dialektik vəhdəti və insan inkişafı”, “Ailə və məişətin davamlı insan inkişafında rolu”, “Mədəniyyət, incəsənət və tarixi şəxsiyyətlərin davamlı insan inkişafında rolu” və s.mövzular geniş şərh olunmuşdur.
Böyük zəhmətin bəhrəsi olan kitab “Azərbaycan Dövlət Aqrar Universiteti” nəşriyyatında çap edilmişdir. Kitaba AMEA-nın Fəlsəfə, Sosiologiya və Siyasi-Hüquqi Tədqiqatlar, İqtisadiyyat, Radiasiya Problemləri institutlarının, Beynəlxalq Ekoenerji Akademiyasının, Azərbaycan Texniki Universitetinin, Gəncə Dövlət Universitetinin mütəxəssisləri rəy vermişlər.
Xatırladaq ki, “Davamlı insan inkişafı” fənni BMT-nin tövsiyəsi ilə bir çox ölkələrin ali məktəblərində tədris olunur.