Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub
Bakı, 26 avqust, AZƏRTAC
2026/2027-ci tədris ili üzrə ilkin qəbul nəticələrinə əsasən, Bakı Mühəndislik Universitetinə (BMU) ayrılmış qəbul planının 98,3 faizi dolub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, son illərdə qeydə alınan yüksək qəbul göstəriciləri, eləcə də yüksək balla qəbul olunan tələbələrin sayında müşahidə edilən artım dinamikası BMU-ya marağın davamlı xarakter daşıdığını göstərir. Bu nəticələr universitetdə həyata keçirilən yeniliklərin, təqdim olunan ixtisas və təhsil imkanlarının abituriyentlər tərəfindən fəal şəkildə seçildiyini də nümayiş etdirir.
Cari tədris ili üzrə qəbul planında ixtisasların sayı 39-dan 41-ə çatdırılıb. Yeni ixtisasların da əlavə edildiyi qəbul planı üzrə ümumilikdə 2 929 plan yeri ayrılıb ki, bu da ötən illə müqayisədə 344 yer çoxdur. Bununla yanaşı, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində Çin və Cənubi Koreyanın aparıcı universitetləri ilə həyata keçirilən ikili diplom proqramları üzrə qəbul imkanları genişləndirilib.
Qəbul nəticələri BMU-nun müasir təhsil infrastrukturu, zəngin laboratoriya imkanları, əmək bazarının tələblərinə uyğun geniş ixtisas portfeli və beynəlxalq tərəfdaşlıqlarının abituriyentlər üçün cəlbedici olduğunu göstərir. Universitetin müasir iqtisadiyyat və texnologiyaların inkişaf dinamikasına uyğun kadr hazırlığı potensialı da qəbul göstəricilərində özünü göstərən əsas amillərdəndir. Əldə olunan nəticələr BMU-nun mühəndislik və digər prioritet istiqamətlər üzrə yüksəkixtisaslı kadr hazırlığını həyata keçirən, müasir təhsil yanaşmalarını və beynəlxalq təcrübəni tədris prosesinə inteqrasiya edən ali təhsil müəssisəsi kimi mövqeyini möhkəmləndirdiyini göstərir.
Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olunan şəxslərin qeydiyyatı my.gov.az portalı üzərindən elektron qaydada aparılır. Qeydiyyat avqustun 28-dən sentyabrın 8-i saat 18:00-dək davam edəcək.